Fin neyrocərrah özbək prezidentinin son dəqiqələrindən danışıb
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İslam Karimovun müalicəsinə qatılan finlandiyalı cərrah Juha Hernesniemi onu sağaltmaq üçün bir sıra başqa xarici mütəxəssislərlə birgə Özbəkistana çağrılmışdı. Onun özü Finlandiyanın "Yle" radiosuna belə deyib.
Cərrahın sözlərinə görə, ötən şənbə Qazaxıstandan olan keçmiş tələbəsi ona zəng vuraraq çox təcili iş üçün axtardığını söyləyib və bildirib ki, Özbəkistan prezidenti xəstəxanadadır, köməyə ehtiyacı var: "Xaricdə çoxlu əməliyyatlar apardığımdan, bu xahişdə qeyri-adi heç nə görmədim". Beləcə, Hernesniemi Helsinkiyə göndərilən özəl təyyarə ilə Özbəkistana uçub.
Doktor Hernesniemi ondan başqa Rusiya və Almaniyadan da həkim qruplarının gəldiyini deyir.
Cərrah danışır ki, xəstənin durumuna dair tibbi çıxarışla tanış olandan sonra müalicəni sürdürməyin mənasız olduğunu anlayıb: "Xəstə, əslində, artıq ölmüşdü. Bu, beynin ölümü idi. Mütəxəssis qrupları öz rəylərini bildirəndən sonra hakimiyyətin oyunları başlandı”.
Cərrah "hakimiyyət oyunları" deyərkən, süni tənəffüs aparatına qoşulmuş liderin ölümünün bəlli bir müddət elan edilməməsini nəzərdə tutur. Düzdür, Karimovu süni tənəffüs aparatında çox saxlamayıblar. Cümə günü axşam hökumət və parlament onun öldüyünü açıqlayıb və o, şənbə günü doğma Səmərqənd şəhərində torpağa tapşırılıb.
Hernesniemi dünyanın aparıcı neyrocərrahlarından biri kimi tanınır. O, ötən il Helsinki Mərkəzi Universitet Xəstəxanasının müdiri vəzifəsindən təqaüdə çıxsa da, müəllimlik və cərrahlıq fəaliyyətini davam etdirir. "Duodecim" həkimlər cəmiyyətinin məlumatına görə, finlandiyalı neyrocərrah öz karyerası boyunca 70 min xəstənin müalicəsinə qatılıb.