Urmiyanin İran parlamentindəki millət vəkili yaxın gələcəkdə bu şəhərin hava limanında xarici vətəndaşlara viza veriləcəyini bildirib.
Sentyabrın 14-də Urmiya İdarə Şurasının iclasında çıxış edən Hadi Bahaduri Urmiya şəhəri ilə bağlı daha bir önəmli məsələyə toxunub. “Müəyyən çalışmalardan sonra yaxın gələcəkdə Urmiyanın hava limanında xarici vətəndaşlara viza veriləcək. Bu, bölgənin iqtisadi gəlişməsi, xüsusi ilə də turizm sektorunun inkişafına böyük təkan verəcək. Həmçinin çoxlu cəhdlərdən sonra cari ilin sonunadək Urmiyanın xüsusi iqtisadi bölgəyə çevriləcəyinə dair qərar qəbul olunacaq. Hesab edirəm ki, bundan sonra bölgənin inkişafına şahid ola bilərik”- deyə millət vəkili deyib.
İran xarici işlər nazirinin konsulluq, parlament və xaricdə yaşayan iranlıların məsələləri üzrə müavini Həsən Qəşqavi də sentyabrın 13-də Urmiyada keçirilən 4-cü Üzüm Festivalının açılış mərasimində oxşar açıqlama ilə çıxış edib. “Xarici vətəndaşlar, Xarici İşlər Nazirliyinin Urmiyadakı nümayəndəliyindən viza ala biləcəklər, bunun üçün bütün şərait hazırdır. Nəzərdə tutulan viza rejimi 190 ölkənin vətəndaşlarına tətbiq ediləcək”- deyə nazir müavini bildirib.
Adlarını çəkdiyimiz rəsmi şəxslər xarici vətəndaşlara Urmiyaəda veriləcək viza ilə bağlı açıqlama versələr də, bunun nə zaman gərçəkləşəcəyi barədə hər hansı məlumat verməyiblər. (gunaz.tv)