20 Sentyabr 2016 13:09
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaxt varıydı “Yurd” mövzusunda mən nəsə yazanda çoxları nəinki şərh yazmaq, hətta layk qoymaq istəmirdi. İndi bu mövzu monopoliyadan çıxıb, Əli Kərimlini və ətrafını tənqid etmək adi hala çevrilib. Baxıram ki, bizim musavatçı dostlarımız da, ümumilikdə partiya rəhbərliyində olan şəxslər də, özlərinin nə qədər konstruktiv, nə qədər birlik tərəfdarı olduqlarını,”yurdçu” dostlarımızın isə nə qədər destruktiv, nə qədər ayrıcı olduqlarını göstərmək üçün çox canfəşanlıq edirlər”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Feysbuk profilində yazıb.

Vaqif Hacıbəyli hesab edir ki, tərəflərin bu yanaşmalarını, ümumiyyətlə müşahidə edilən bu prosesi az qala kampaniyaya çevirməyə ehtiyac yoxdur: “Proses kampaniyaya çevriləndə sizlər də olursuz “yurdçu”ların tayı. Bunu dostcasına bir xəbərdarlıq kimi qeyd edirəm. Onsuz da hamı hər şeyi bilir. Bəyəm Tofiq Yaqublu dostumuzun prosesin mahiyyətindən xəbəri yoxdur? Əlbəttə, var. Amma özünə sərf edir deyə, özünü necə aparırsa, elə də aparır. Öz silahdaşınızı düzgün hesab etmədiyiniz mövqeyindən döndərə bilmirsizsə, başqalarının mövqeyini necə dəyişəcəksiz?”

Hacıbəyli qeyd edib ki, 24 sentyabr mitinqinin təxirə salınması qərarı indi əsas müzakirə mövzusudur: “Müxalifətin gücü bura qədərdi. Sizlərə bir prosesi xatırlatmaq istəyirəm. 2011-ci ilin 17 aprel mitinqi ərəfəsi idi. Aprelin 2-də mitinq dağıdılsa da, çoxlu həbslər olmuşdu. Amma o vaxt prosesləri idarə etməli olan İctimai Palata rəhbərliyi fərqli əhval-ruhiyyədə idi. Qərar qəbul edilmişdi ki, rəhbərlikdən heç kəs mitinqə çıxmayacaq. Mən bunu eşidəndə müzakirələrin getdiyi İsa Qəmbərin kabinetinə daxil oldum. İsa Qəmbər otaqda yox idi. Mehriban Vəzir, Pənah Hüseyn, Rauf Arifoğlu və Əli Kərimlinin o müzakirədə olduqları dəqiq yadımdadır. Mən İctimai Palata rəhbərliyinin tam tərkibdə mitinqdə iştirakını, bu olmayacaqsa, mitinqin təxirə salınması barədə qərar çıxarılmasını təklif etdim. Əli Kərimlinin o vaxt dediyi sözlər dəqiq yadımdadır: “Mitinqin təxirə salınması siyasi intihar olardı”. Prosesləri öz axarına buraxmaqla mitinqin uğursuz olacağına zəmin yaradılmasına və bunun ardınca qarşı tərəfin daha da güclənəcəyinə görə kim məsuliyyət daşıyacaq” sualım isə havadan asılı qaldı o vaxt. 17 aprel mitinqi də yadınızdadır, ondan sonrakı proseslər də,”yurdçu”ların “Musavat bizi fakt qarşısında qoydu, yoxsa biz mitinqlərə başlamaq istəmirdik” təbliğatı da. Onu demək istəyirdim ki, siyasətçi həmişə məsuliyyətli və dürüst olmalıdı”.

Cavad


Müəllif: