ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp CBS telekanalına müsahibə verib.
Teleqraf.com xəbər verir ki, Tramp müsahibəsi zamanı bəzi məsələlərə aydınlıq gətirib: "Mən prezident seçilmişəm. Müsəlmanlar və qaradərililər bundan qorxuya düşüb. Məncə, buna ehtiyac yoxdur".
Tramp bu qorxunun yaranmasında medianı günahlandırıb: "Düşünürəm ki, bu məsələdə media günahkardır. Onlar ölkədə əvvəllər də olmuş fikri yeni məlumat kimi xalqa yeritməyə çalışırlar. Bütün bunlar medianın uydurmasıdır".
Tramp ölkənin müxtəlif yerlərində ona qarşı keçirilən etiraz aksiyalarını da qiymətləndirib: "Hazırda etiraz edən kütlə məni yaxşı tanımır. Onlar arasında bir neçə nəfər var ki, etirazları idarə edir və nümayişçiləri qəzəbləndirirlər. Ümid edirəm ki, etirazlar tezliklə sona çatacaq. Mənə qarşı etiraz aksiyası keçirənlər qorxmamalıdırlar. Bu ölkənin gücünü yenidən geri qaytaracağıq. Seçkilər yenicə bitib. Əgər Hillari Klinton qələbə qazansaydı və mənim tərəfdarlarım küçələrə axışsaydı, vəziyyət tamamilə fərqli olardı".
ABŞ-ın yeni prezidenti dünyanın terrorçuluqla mübarizəsindən danışıb: "Dünya hazırda böyük təhlükə ilə üz-üzədir. İŞİD terror təşkilatı ilə mübarizədə birlik vacibdir. Ancaq mən bəzilərindən fərqli olaraq, Mosul əməliyyatları başlamazdan 4 ay əvvəl bunun anonsunu verməyəcəm. Bu anons terror təşkilatı liderlərinin Mosulu tərk etməsi ilə nəticələndi. Ancaq bunu deyə bilərəm ki, İŞİD-i tamamilə məhv edəcəm. Bu günə kimi Yaxın Şərqdə terrorla mübarizəyə 6 trilyon dollar xərclədik. Bu pul ilə ölkəmizi iki dəfə yenidən qura bilərdik".
Samir