29 Noyabr 2016 18:05
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadənin Rusiyanın Sankt-Peterburq şəhərində “Qarabağ düyünü” adlı kitabı erməni dilində nəşr edilib.

Teleqraf.com-un məlumatına görə, 400 səhifəlik kitab 300 tirajla buraxılıb.

A.Mirəzadə bununla bağlı olaraq deyib: “İlk dəfədir ki, azərbaycanlı tədqiqatçının Dağlıq Qarabağ probleminə həsr edilmiş əsəri erməni dilində iri kitab həcmində xaricdə çap edilir. Kitab Dağlıq Qarabağ probleminin tarixinə, müasir vəziyyətinə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğalından doğan problemlərə həsr edilib. Kitabda 7 tarixi xəritə, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdikdən sonra yaranmış vəziyyəti əks etdirən 37 fotoşəkil yerləşdirilmiş, xarici tədqiqatçıların obyektiv fikirləri, Ermənistan siyasətçilərinin özlərini ifşa edən etirafları da verilib.
Həmçinin kitabda Dağlıq Qarabağa dair tarixi sənədlər, beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarları yerləşdirilib. Xocalı faciəsinə dair xüsusi fəsil verilib, faciənin yaranma səbəbləri, Ermənistan silahlılarının vəhşiliyini ifşa edən faktlar göstərilib”.

A.Mirzəzadə bildirib ki, kitabda Azərbaycanın problemin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün səyləri analiz edilib: “Kitabın xarici ölkələrin milli kitabxanalarına, universitetlərinə və ermənişünaslıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub. Kitab xaricdəki Azərbaycan diaspor nümayəndələrinin maliyyə dəstəyi ilə nəşr edilib. Kitabın bir hissəsi Azərbaycan kitabxanalarına, universitetlərinə paylanmaq və tədqiqatçılara təqdim edilmək üçün Azərbaycana gətirilib”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər