Ermənistanda parlament seçkisi yaxınlaşdıqca siyasi gərginlik də artmağa başlayır.
Qeyd edək ki, təcavüzkar ölkədə parlament seçkisi aprelin 2-də keçiriləcək. Ölkənin əsas qanununa 6 dekabr 2015-ci ildə keçirilən referendumla edilən dəyişikliyə görə parlament yalnız proporsional əsaslarla formalaşacaq. Yəni, bu seçkidən sonra Ermənistan parlament üsul-idarəsinə keçəcək. Ona görə də Ermənistanda keçirilək parlament seçkisi böyük maraq doğurur.
Seçki yaxınlaşdıqca həyəcan da artır. Siyasət meydanında yeni isimlər peyda olmağa başlayır. Məsələn, keçmiş müdafiə naziri Seyran Ohanyan bu günlərdə keçmiş xarici işlər naziri, “Birlik” Partiyasının sədri Vardan Oskanyanla görüş keçirib. S.Ohanyan artıq seçkidə iştirak etmək niyyətini bəyan edib. O, Ermənistanın Prezident Aparatı rəhbərinin keçmiş müavini Viktor Dəlləkyanın yaratdığı “Üçüncü Respublika” partiyasına rəhbərlik edəcək. Yeni partiyanın Serj Sərkisyana qarşı müxalif mövqe tutacağı bildirilir.
S.Sərkisyana qarşı müxalifətə keçən şəxslərdən biri də keçmiş baş nazir Ovik Abramyandır. O, bu günlərdə hakim Respublika Partiyasının sıralarını tərk edib. Onun iri oliqarx, Robert Köçəryanın əsas biznes tərəfdaşı Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyasına üzv olacağı bildirilir.
Eyni zamanda Vardan Oskanyan da yanvarın 26-da “Nyus.am” saytına verdiyi müsahibə zamanı “Sarukyan” blokuna birləşəcəyini istisna etmədiyini bildirib. Bütün bunlar yaxın vaxtlarda Ermənistanda gərgin seçki prosesinin yaşanacağından xəbər verir.
Ermənistandakı son psosesləri Teleqraf.com-a şərh edən Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, hərbi cani Serj Sərkisyan və onun ətrafındakı komanda özlərinin siyasi hakimiyyətlərinin ömrünü uzatmaq üçün bütün vasitələrə – hər cür avantüraya, fırıldaqlara əl atırlar. Onun sözlərinə görə, növbəti seçki yaxınlaşdığı üçün hakim elita yenə təşviş içərisindədir: “Sərkisyan rejimini uğursuzluğa düçar olmaq gözləyir. Ermənistan cəmiyyətində kifayət qədər tanınan, özlərini siyasət aləmində tanıtmış və ətraflarında müəyyən qüvvələrin cəmləşdiyi bir neçə qruplaşma artıq meydandadır. Onlar parlament seçkilərində uğur qazanmaq üçün mübarizə aparırlar. Gizli deyil ki, Serj Sərkisyanın komandası, yəni hərbi-siyasi xunta Ermənistan cəmiyyətinin bütövlükdə etimadını itirib. Çünki idarəetmədə, rəhbərlikdə olduqları dövrdə bunlar Ermənistanı həm iqtisadi, həm siyasi, həm də digər istiqamətlərdə məhvə doğru aparıblar, fəlakət qarşısında qoyublar. Ona görə də bu gün bu komanda özünü seçkilərdə tamamilə uduzmaq qorxusu qarşısında hiss edir. Atılan addımlar da buna hesablanıb. Çünki artıq onlara qarşı olan qüvvələrin onlardan daha güclü olduqları görünür”.
Müsahibimiz bildirib ki, burda bir amili də nəzərə almaq lazımdır: “Artıq Ermənistan cəmiyyətində belə bir fikir formalaşıb ki, cinayətkar Qarabağ klanı uzun illərdir Ermənistanda siyasi hakimiyyəti qəsb edib və ölkəni dağıtmaqla məşğuldur.
Ermənistanda hər gün əhalinin sayının bir az da azalması, ölkə iqtisadiyyatının bütünlüklə xarici ölkələrdən, xüsusilə də Rusiyadan asılılığı, ölkənin hər cəhətdən asılı vəziyyətə düşməsi göz qabağındadır. Buna görə də məncə, seçkilər xalqın istədiyi kimi baş tutsa, bunlar böyük zərbə alacaqlar və gələcəkdə hakimiyyətdən məhrum olmaq təhlükəsi qarşısında qalacaqlar. Gedən bütün proseslər bunu deməyə əsas verir. Belə də olmalıdır. Cənab prezident İlham Əliyev də dəfələrlə qeyd edib, Rusiyadan və başqa xarici ölkələrdən olan tanınmış ekspertlər, politoloqlar da belə bir fikir səsləndiriblər ki, belə davam etsə, Ermənistan bir dövlət kimi də mövcudluğunu itirə bilər. Ermənistan işğala son qoymaqla region dövlətləri ilə müəyyən istiqamətlərdə əlaqələrini bərpa edə bilər. Burda xüsusilə də Azərbaycan və Türkiyə nəzərdə tutulur. Bu, həmin dövlətin, yəni Ermənistanın yaşamasına müsbət təsir göstərə bilər. Əks halda Ermənistan bundan da pis vəziyyətə düşəcək, ölkədə yaşayanların sayı bundan da aşağı düşəcək. Onlar dövlətçiliklərini itirə, böyük faciə qarşısında qala bilərlər”.
E.Məmmədov qeyd edib ki, bütün bu məsələlər S.Sərkisyanı və onun komandasını çox narahat edir: “Bu gün də ona qarşı elə qüvvələr meydana çıxıb ki, Sərkisyan özünü onların qarşısında gücsüz, aciz hesab edir. Buna görə də Ermənistanda çaxnaşma başlayıb”.
Bəs, digər qüvvələrin birləşməsi S.Sərkisyan üçün nə vəd edir? Bu sualımızı da cavablandıran deputat bu qüvvələrin Sərkisyana qalib gəlmələrinin istisna edilmədiyini vurğulayıb: “Təbii ki, bu, gözləniləndir. Ancaq bilirsiniz, parlament seçkisində o qüvvələr birləşməlidir ki, onlar işğalçı siyasətdən fərqli siyasət yürüdəcəklər, cinayətkar klandan uzaq olacaqlar. Məsələn, Seyran Ohanyan kimilərini öz yaxınlarına buraxmayacaqlar. Ermənistan cəmiyyəti də özünü buna hazırlamalıdır. Bəli, Ovik də, Seyran da, başqaları da real qüvvədir. Yəni, bunların sayı çoxdur. Ancaq bunlar necə qruplaşacaqlar, necə birləşəcəklər, hələlik bunun işartıları var, dəqiq bir şey yoxdur”.
Səxavət HƏMİD