ABŞ prezidenti Donald Trampın miqrasiya fərmanı fonunda İran ölkə xaricində olan vətəndaşlarının maraqlarını qorumaq üçün müvafiq tədbirlər görəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib.
"İran ABŞ-ın hərəkətlərinə cavab olaraq müvafiq qərar hazırlayacaq", - deyə o vurğulayıb.
B.Qaseminin sözlərinə görə, bu məqsədlə İran XİN-də xüsusi komitə yaradılıb. O, komitənin artıq fəaliyyətə başladığını əlavə edib. XİN rəsmisi komitənin xüsusi təlimat və göstərişlər hazırladığını və onu İranın müxtəlif ölkələrdəki səfirlərinə göndəriləcəyini vurğulayıb.
Qeyd edək ki, ötən həftə D.Tramp ölkəyə giriş qaydalarını sərtləşdirən, eləcə də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somalidən olan şəxslərin ABŞ-a girişinə 90 gün müddətinə qadağa qoyan sərəncam imzalayıb.