“Azərbaycanın ərəb ölkələri ilə əlaqələrini genişləndirməsi yüksək qiymətləndirilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə məsələnin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Q.Həsənquliyev deyib ki, son vaxtlar Azərbaycan hökuməti ərəb ölkələri - Birləşmiş Ərəb Əmirliyi, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı ilə əlaqələrini genişləndirir. Onun sözlərinə görə, bunun böyük əhəmiyyəti var.
Deputat həmçinin qeyd edib ki, son vaxtlar mətbuatda Rusiya Dövlət Dumasının Bakıda komitə iclası keçirməsi ilə bağlı xəbərlər yayılıb: “Ancaq bu xəbərlər doğrudursa, o zaman bu, Azərbaycan dövlətinə hörmətsizlikdir. Biz Rusiya ilə birgə Bakıda hər hansı əməkdaşlıq iclasını keçirə bilərik. Ancaq Rusiyanın müstəqil şəkildə gəlib Bakıda toplantı keçirmək istəməsi doğru addım deyil. Rusiya Dumasının Azərbaycanda gəlib iclas keçirməsi ölkəmizin müstəqilliyinə hörmətsizlikdir”.
Q.Həsənquliyev son günlər ermənilərin cəbhə xəttində atəşkəsi mütəmadi olaraq pozması məsələsinə də toxunub: “Ermənilər son vaxtlar atəşkəs rejimini tez-tez pozurlar. Dinc əhaliyə də atəş açırlar. Azərbaycan ordusu belə hallarda ermənilərə öldürücü zərbələr vurmalıdır. Biz düşmən əsgərini öz ərazilərimizdə məhv edə bilərik. Bunu etsək, o zaman düşmən atəşkəsi daha az pozar”.
Nemət