Son vaxtlar Türkiyə ilə Almaniya arasında münasibətlər xeyli dərəcədə pisləşib. İki ölkə arasında münasibətlər almaniyalı jurnalist Dəniz Yücelin İstanbulda həbs edilməsindən, eləcə də Almaniyanın Türkiyədəki referendumla bağlı ölkə ərazisində türkiyəli nazirlərin iştirakı ilə geniş toplantıların, mitinqlərin keçirilməsinə icazə verməməsindən sonra gərginləşib. Türkiyə hüquq-mühafizə orqanları D.Yüceli terrorçu təşkilatlarda iştirak, məlumatların qanunsuz istifadəsi və terrorçuluğun təbliğatında şübhəli bilir. Almaniya kansleri Angela Merkel jurnalistin azad olunmasını və Türkiyədə söz azadlığına əməl olunmasını tələb edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə rəsmi Berlinin hazırkı siyasətini nasist Almaniyasının yürütdüyü siyasətə bənzədib. Bu sözlər Almaniyada kəskin etiraza səbəb olub və almaniyalı siyasətçilər Ərdoğan haqqında çox ağır ifadələr işlədiblər.
Bəs, iki ölkə arasında münasibətlərin gərginləşməsinin alt qatında nə dayanır? Tərəflər arasındakı fikir ayrılıqlarının necə həllini tapacağı gözləniləndir?
Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Nazim Cəfərsoy bildirib ki, məsələni bir neçə kontekstdə qiymətəndirmək mümkündür. Onun sözlərinə görə, bunlardan birincisi konyunktura məsələsidir: “Konyuktura referendumdur. Bu referendumun Türkiyə hakimiyyəti üçün əhəmiyyəti hamı tərəfindən anlaşılandır. Ona görə də iqtidar tərəfi referendumun öz xeyrinə başa çatması üçün hər cür fəaliyyət göstərir. Bu fəaliyyətlərdən biri də hər seçki dönəmində gündəmə gələn xaricdəki türklər, bu prosesdə onların dəstəyini almaq məsələsidir. Eyni şəkildə Almaniya da Türkiyədəki referenduma xüsusi diqqət göstərir. Çünki Almaniya üçün də referendum Türkiyənin avtoritarlaşması baxımından kritik əhəmiyyət kəsb edir. Yəni, Türkiyə demokratik ölkə kimi qalacaq, yoxsa başqa bir istiqamətə transformasiya olunacaq. Bu baxımdan referendum hər iki tərəfin əhəmiyyət verdiyi bir mövzudur”.
N.Cəfərsoy qeyd edib ki, ikinci məsələ hər iki ölkənin uzun müddətdir bir-biri ilə gərginlik yaşamasıdır: “Bu gərginliklərdən biri Almaniyanın PKK və FETÖ-ya verdiyi dəstəkdir. Suriya böhranı səbəbindən baş verən mühacirət məsələsi də Almaniya ilə Türkiyə arasındakı münasibətlərdə müəyyən gərginlik yaradır. Yaxud, Almaniya parlamentində qondarma soyqırıma dair qətnamənin qəbulu, Türkiyədəki siyasi hadisələrə dair Almaniyadan ciddi tənqid səslərinin yüksəlməsi və sair məsələlər təbii ki, Berlin-Ankara münasibətlərinin gərginliyinin bir başqa tərəfidir. Burda başqa bir məqam da var. Bundan Almaniya da xüsusən daxili proseslər baxımından çox narahatdır. Çünki Almaniyada 3 milyona yaxın türk var. Bu türklərin böyük bir hissəsi orda mitinqlərdə iştirak edir, Türkiyədəki daxili siyasətin parçasına çevrilirlər. Bu da hər bir dövlət kimi Almaniyanı da narahat edir. Yəni, Almaniya rəhbərliyi deyir ki, ölkəmin içərisində başqa bir ölkənin siyasi fəaliyyəti var. Bu, təbii ki, Almaniyanı ciddi narahat edir. Türkiyədəki gərginliyin Almaniyaya daşınması bu ölkənin daxili siyasətində gərginliyə səbəb olacaq. Çünki qarşıdıkı dövrdə orda da seçki keçiriləcək. Bu, ümumən Avropa üçün keçərlidir. Seçkidə siyasi gərginliyin artması, Türkiyə və türk amilinin qabağa çıxması irqçi partiyaların aktiv fəallıq göstərməsini tələb edir. Bu da Almaniyada hakimiyyətə iddialı olan böyük partiyaları narahat edir. İrqçi patiyaların güclənməsi onların maraqları ilə ziddiyyət təşkil edir. Almaniyada hazırda daha mərkəzçi partiyalar var. Xristian-demokratları təmsil edən Angela Merkel, yaxud sosial-demokratlar üçün bu bir narahatlıq səbəbidir. Başqa bir məsələ isə ondan ibarətdir ki, təbii, heç bir xarici dövlət onun ölkəsində başqa ölkənin siyasətçilərinin, yaxud dövlət rəsmilərinin gəlib siyasi fəaliyyətlə məşğul olmasını istəməz. Hələ, üstəlik bunu çox nümayişkəranə şəkildə edirlərsə, heç istəməz”.
N.Cəfərsoy qeyd edib ki, bundan əlavə iki ölkənin qlobal və regional siyasətdə məsələlərə ziddiyyət təşkil edən münasibəti var: “Yaxın Şərq regionuna yönəlik, ikili münasibətlərə yönəlik, Qərb cəbhəsi, Şərq cəbhəsi Almaniya ilə Türkiyə arasındakı münasibətlərdə gərginlik səbəblərindən biridir. Ancaq bunlar gərginliyi doğuracaq səbəblərdir. Digər tərəfdən Almaniya ilə Türkiyə arasında çox ciddi iqtisadi əlaqələr var. Türkiyənin Avropadakı ən böyük ortağı Almaniyadır. Ən böyük turist potensialı Almaniyadan gəlir. Almaniya üçün də həm Yaxın Şərq regionundakı fəaliyyələri artırmaq, həm də böyük iqtisadi bazar baxımından Türkiyə çox önəmlidir. Almaniya-Türkiyə münasibətlərindəki gərginlik Almaniyadakı türkləri narahat edir. Bu da Almaniyanın daxili siyasətinə, daxili sisteminə, hətta hakimiyyətdə olan partiyaların siyasi dəstəyinə də ciddi şəkildə təsir göstərə bilər. Açığı, mən bu gərginliyin bir az kontrollu və konyuktural bir gərginlik olduğunu düşünürəm. Çünki Türkiyə ilə Almaniya bu cür gərginlikləri çox yaşayıb. Bu gərginliklərin də atlatılacağını düşünürəm”.
Səxavət HƏMİD