Türkiyə silahlı qüvvələrinin Diyarbəkir vilayətinin Liçe, Kulp və Hani rayonlarında terrorçulara qarşı martın 5-də başlayan əməliyyatı bu gün başa çatdırılıb.
Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatda 7 mindən artıq hərbçi və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Məlumatda deyilir ki, əməliyyat çərçivəsində 27 PKK terror qruplaşmasının üzvü məhv edilib, 1-i isə sağ ələ keçirilib. Terrorçular tərəfindən oğurlanan 9 maşın tapılıb. 5 tüfəng, 2 pulemyot, 15 Kalaşnikov avtomatı, Draqunov snayperi, 7 tapanca, 23 əl qumbarası və 13 qırma tüfəngi ələ keçirilib.
Terrorçuların 11 daldalanacaqları, 57 sığınacaqları, 18 obyektləri dağıdılıb. 23 əldəqayırma partlayıcı qurğu məhv edilib.
Bundan başqa, 9,5 ton həşişin daşınmasının qarşısı alınıb.