4 Aprel 2017 12:12
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 ildir Fransanın Bank Societe Generale ilə Türkiyənin öndə gedən zərgərlik şirkəti Goldaş arasında 15 tonluq qızılla bağlı mübahisə gedirdi.

Teleqraf.com xəbər verir ki, tərəflər bu məsələni aydınlaşdırmaq məqsədilə hüquqi müstəvidə mübarizə aparırdı. Nəhayət, İngiltərə məhkəməsi bu dava ilə bağlı son hökmünü açıqlayıb və türk şirkətini haqlı hesab edib. Məhkəmə iflas olan Goldaş-ın haqlı olduğunu və Bank Societe Generale-nin təzminat ödəməli olduğu barədə hökm çıxarıb.

Məhkəmə eyni zamanda bu işdə zərər çəkən kiçik investorların da məhkəmə vasitəsilə haqqını əldə edə biləcəyi qərarına gəlib.

Təzminatın məbləğinə gəlincə, bunu mütəxəssislərin hesablayacağı bəlli olub.


Goldaş Şirkətinin sabiq rəhbəri Sedat Yalınkaya bu mövzuda maraqlı açıqlama verib: “9 ildir ki, bankla davam edən hüquq mübarizəsi nəhayət ki, bizim xeyrimizə başa çatdı. İngilis məhkəməsi 2008-ci ildə bankın İngiltərədə aldığı tədbir qərarlarından doğan “hər cür zəruri kompensasiya” ödənilməsi qərarını verib. Bu istiqamətdə hüquq şöbəmiz Goldaş Zərgərlik, Goldart Holdinq və digər şirkətlərimizə dəyən zərərin ödənilməsi üçün lazım olan addımları dərhal atmaq üzrədir”.


Xatırladaq ki, Goldaş-ın düşdüyü çətinliklərin əsas səbəbi Bank Societe Generalle ilə yaşadığı 15 ton qızılla bağlı iddia olub.

Societe General 2008-ci ildə Goldaş-ın satılması üçün verdiyi 500 milyon dollar dəyərindəki 15 ton qızıldan bir daha xəbər almadığını iddia edərək Bakırköy Məhkəməsinə müraciət edib. Aralarında The Bank of Nova Scotia və Commerzbank International SA kimi təşkilatların da olması səbəbindən məhkəmə iddialarının sayı artıb. 2013-cü ildə Commerzbank Internationalın qaldırdığı iddia əsasında Bakırköy Məhkəməsi Goldaş Şirkətinin iflasa uğradığı qərarını çıxarıb.

Lakin Goldaş Şirkəti ilə Bank Societe Generale arasında bağlanan müqavilədə “baş verə biləcək kommersiya problemləri zamanı İngiltərə məhkəməsinin qərarı əsas olaraq götürüləcək” maddəsi yer alıb. Fransız bankı kommersiya probleminə görə iddiasını Türkiyədə qaldırmışdı, Goldaş Şirkəti isə bu hüquq mübarizəsini İngiltərə məhkəməsinə çıxarmışdı.


Cavad


Müəllif:

Oxşar xəbərlər