4 Aprel 2017 13:56
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda mürəkkəb və gərgin durum davam edir. Son günlər Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik elan etməklə bağlı referendum keçirmək qərarı vəziyyəti bir qədər də gərginləşdirib.


Artıq Şimali İraq Kürd Muxtariyyətinin bu qərarına Türkiyə etirazını ifadə edib. Rəsmi Ankara kürd muxtariyyətinin müstəqillik istiqamətində ilk addımını “zamansız və səhv” qərar kimi qiymətləndirib. Eyni zamanda qeyd edib ki, bu qərarın ardından yaşana biləcək böhran və gərginliyin məsuliyyəti muxtariyyətin üzərinə düşür.

Qeyd edək ki, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və İraqın sabiq prezidenti Cəlal Təlabaninin iştirakı ilə Kürdüstan Vətənpərvərlər Birliyi müstəqillik referendumu üçün müştərək bir komissiya qurmaq qərarı qəbul edib. Bu qərar bir sıra maraqlı mərkəzlərdən, o cümlədən Türkiyədən maraqla izlənilir.

Teleqraf.com-un xəbərinə görə, Haberturk diplomatik mənbələrə istinadən bildirir ki, Türkiyənin narahatlığı artıq kürd muxtariyyətinin rəhbərliyinə çatdırılıb. Siyasi müşahidəçilər hesab edirlər ki, İraq başda İŞİD terror şəbəkəsi olmaqla terrorçulara qarşı mübarizə apardığı bir zamanda kürdlərin müstəqillik məsələsini gündəmə gətirməsi doğru yanaşma deyil. Onların fikrincə, bu qərar Suriya və İraq başda olmaqla regionda yaşanan böhrana mənfi təsir göstərər, eyni zamanda hər kəs ayrılıb müstəqillik haqda düşünərsə, bu, Yaxı Şərqdə domino effekti yaradar. Sonda isə region indikindən də təhlükəli bir mərhələyə daxil olar.


Müstəqillik istiqamətində referendum qərarı faktiki olaraq kürdlərin yaşadığı və muxtariyyət qurduğu ərazinin mərkəzi İraq hökumətindən aldığı yüzdə 17 faizlik maliyyədən imtina etməsi anlamına gələ bilər. Bu səbəbdən də Şimali İraq Kürd Muxtariyyətinin müstəqil elan ediləcəyi təqdirdə hansı maliyyə hesabına özünü saxlaya biləcəyi də xüsusi müzakirə mövzusudur.


Ən vacib məqamlardan biri də kürdlərin özlərini müstəqil elan edəcəyi təqdirdə, onların hansı ölkələr tərəfindən tanınacağı məsələsidir. Xüsusilə, ABŞ, Rusiya, İran, Avropa Birliyi ölkələri, İraq, İsrail və Türkiyənin bu müstəqilliyi tanıyıb-tanımayacağı özü mürəkkəb durum yaradar.

İraq dövlətinin şimalında baş verəcək separatizm addımına reaksiyasının necə olacağı isə xüsusilə əhəmiyyətli məsələdir.

Şimali İraq ərazilərinə yaxından tanış olan, kürdləri daha dərindən tanıyan analitiklər isə hesab edirlər ki, əslində bu günə qədər kürdlərin bu qərarı elan etməsinə bir maneə olmasa da, hələlik kürd cəmiyyətində aşirətçilik güclüdür və dövlət qurmaq kimi məsələdə şüurlarda əskiklik var.

Ən ciddi məsələlərdən biri də onunla bağlıdır ki, Şimali İraqda kürd qrupları arasında ciddi ixtilaflar, ziddiyyətlər mövcuddur. Bu qrupların bir araya gətirilməsi məsələsinin özündə belə problemlər və gərginliklər mövcuddur.

Nəhayət, əgər müstəqil bir kürd dövləti qurulacaqsa, bu zaman tarixi türkmən torpağı olan Mosulun, Kərkükün, Səlahəddinin, Diyalanın, Sincarın taleyinin necə olacağı məsələsi ortaya çıxır. Bu tarixi türk torpaqları indi sanki “mübahisəli ərazilər” statusunu alıb. Ancaq buna baxmayaraq, türkmənlər də bu əraziləri boş-boşuna kürdlərə güzəştə gedəcək halda deyillər. Düzdür, son illər bu ərazilərdə ən çox zərbələr türkmənlərə dəyib. ABŞ Səddam Hüseyni taxtdan salmaq üçün İraqa qarşı müharibə edəndə Türkiyənin şimaldan Bağdada qarşı cəbhə açması təklifini verdi. Amma Ankara bundan imtina etdi. Bu bəlkə də,son illər Türkiyənin buraxdığı ən böyük səhv hesab oluna bilər. Çünki ABŞ Türkiyəsiz də İraqa daxil oldu. Lakin daxil olduqdan sonra burada özünün sadiq müttəfiqini axtardı və bu zaman Türkiyənin əvəzinə əli silahlı kürdlər onun ən yaxın müttəfiqi statusunu qazana bildi. Əvəzində türkmənlər ciddi zərər gördü, Mosul faktiki olaraq kürdləşdirildi.

İndi türkmənlər özü də iki qrupa bölünüb. Sünni türkmənlər daha çox Türkiyəyə yaxındır, ancaq onlar əli silahsızdır. Ümidlərini ancaq Türkiyəyə bağlayırlar. Onların təşkilatı hissəsi olan İraq Türkmən Cəbhəsinin xadimləri dəfələrlə türkmənləri silahlanmaya dəvət etsə də, bunun bir nəticəsi olmayıb.

İkinci qrup türkmənlər isə İraqın bütövlüyünə tərəfdardır və onlar əsasən Bağdad hökuməti ilə birlikdə hərəkət edirlər. Bu türkmən qruplaşması məzhəb baxımından şiədir və İraq parlamentində 12-14 deputat yeri əldə edə bilib. Bu qruplaşmanın həm də silahlı əsgəri dəstələri var və onlar İraq ordusu ilə birlikdə İŞİD-ə qarşı mübarizədə aktiv rol oynayırlar. İraqın baş naziri Heydər əl-İbadi də bu türkmən qrupuna xüsusi önəm verir. Hazırda İbadinin İraq parlamentindəki rəsmi sözçüsü, hökuməti təmsil edən şəxs də türkməndir. Bu baxımdan Novruz Bayramı ərəfəsində Kərkük şəhərinə kürd bayraqlarının asılmasına qarşı türkmənlərin etirazlarını da anlamaq olar.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, İraqın dövlət bütövlüyünü saxlamaq məqsədilə bu ölkənin prezidenti daim millətcə kürd olub. Prezident Cəlal Təlabanidən sonra onu Fuad Masum əvəzləyib. İraqda prezidentlərin kürd olmasının əsas qayəsi ölkənin parçalanmasının qarşısını almaq məqsədi daşıyıb. Ancaq görünən odur ki, indi kürdlər üçün bu amil əhəmiyyətli deyil.


Amma nəzərə almaq lazımdır ki, kürdlərin müstəqillik arzuları Bağdadda heç də maraqla qarşılanmır. Üstəlik Mosul, Kərkük, Səlahəddin, Diyala və digər torpaqlara olan kürd iddiası türkmənləri Bağdada bir az da yaxınlaşdırır.

Və ən nəhayət, İraq neft ehtiyatlarının 35-40 faizi Mosul-Kərkük xətti üzərində yerləşir və İbadi hökuməti bunu heç vaxt kürdlərə güzəştə gedəcək deyil. Hazırda bölgədə kürdlər fəallaşsa da, Bağdadın başı Mosulda İŞİD-ə qarşı əməliyyatlara qarışıb. Mosul problemi həll edildikdən sonra rəsmi Bağdadla kürd muxtariyyəti Ərbildə üz-üzə gəlməli olacaq. Proseslər indiki şəkildə davam edərsə, İraqda ərəb-kürd qarşıdurmasından qaçmaq çətin olacaq.

NEMƏT ORUCOV


Müəllif:

Oxşar xəbərlər