ABŞ Hərbi Dəniz Donanmasının iki təyyarədaşıyan zərbə qrupunu Koreya yarımadasına göndərib.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, söhbət “Ronald Reyqan” və “Admiral Nimitz” gəmilərindən gedir. Bundan başqa, artıq “Karl Vinson” təyyarədaşıyan aprelin 16-da Yaponiya dənizinə yaxınlaşıb. Bu təyyarədaşıyan gəmiləri əlavə olaraq hərbi xarakterli gəmilər müşahidə edir.
Bir sözlə, Vaşinqton Koreya sahillərinə doğru ağlasığmaz dərəcədə hərbi qüvvə cəmləşdirir. Bunun üzərinə Pentaqonun Cənubi Koreyada yerləşən 30 min, Yaponiyada olan 50 minlik hərbi heyətini də əlavə etsək misli görünməyən qüvvədən danışa bilərik. Söhbət atom sualtı qayıqlardan, nüvə başlığı olan raketlərdən, yüzlərlə qırıcı təyyarələrdən, raket əleyhinə radar sistemlərindən gedir.
ABŞ prezidenti Tramp özündən əvvəlki Amerika rəhbərliyinin Şimali Koreya ilə sərt davranmadığını, əslində Pxenyanın onları barmağına doladığını elan edib, bildirib ki, Pxenyanla bağlı qəbul edilən qərar hamı üçün gözlənilməz olacaq.
Pxenyan isə elan edib ki, ABŞ nüvə müharibəsinə başlayarsa Şimali Koreya ordusu lazım olan cavab tədbirləri həyata keçirəcək. Bu haqda Şimali Koreyanın Rusiyada fəaliyyət göstərən diplomatı Cjon Xep danışıb. Diplomat deyib ki, əgər qarşı tərəf müharibə istəyirsə, biz onlara müharibə ilə cavab verəcəyik.
Cavid