3 İyul 2017 09:35
1 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misirin Qətərə verdiyi vaxt 48 saat müddətinə uzadılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Sabir əs-Sabah məlumat verib.

Açıqlamada blokada tətbiq edən ölkələrin Qətərin bu qərara verəcəyi cavabı incələyəcəkləri bildirilib. Bunun üçün 4 ölkənin xarici işlər nazirləri çərşənbə günü Misirin paytaxtı Qahirədə görüşəcəklər. Görüşdən sonra Qətərlə bağlı birgə qərarın veriləcəyi qeyd edilib.

Müddətin uzadılması qərarından sonra Qətər Müdafiə naziri Xalid əl-Atiyyə lazım olsa, ölkəsinin müdafiəyə hazır olduğunu açıqlayıb: "Hərbi müdaxilə olsa, müharibəyə və ölkəmizi qorumağa hazırıq. Qətər tarix boyu asan təslim olmadığını sübut edib".

Bu arada, ABŞ Prezidenti Donald Tramp Fars körfəzi ölkələrinin liderləri ilə telefon danışığı aparıb. Bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Tramp Səudiyyə, BƏƏ və Qətər liderləri ilə bölgədəki böhran və terrorçuluqla mübarizə məsələlərini müzakirə edib.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.

İyunun 23-də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər. Qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıda İranla diplomatik münasibətlərin dayandırılması və Türkiyənin Qətərdəki hərbi iştirakına son qoyulması tələbi də var.


Müəllif: Samir

Oxşar xəbərlər