İraq ordusu Telafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına start verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, İraq baş naziri Haydar əl-İbadi Telafər şəhərinin xilasına başlandığını bəyan edib: “İŞİD-çilər təslim olmaq və ya ölüm arasında seçim etməlidirlər. Bundan əvvəlki bütün döyüşlərdə qələbə qazanmışıq və zəfər yürüşünə Telafər şəhərində davam edirik. İraq əsgərləri, anti-terror qüvvələri, federal polislər və “Haşdi Şabi” əməliyyatda iştirak edir”.
Qeyd edək ki, türkmən şəhəri olan Telafər 2014-cü ildə İŞİD-in nəzarətinə keçib. Telafər İraqda İŞİD terrorçularının nəzarətində olan son böyük şəhərdir, Mosulla Suriya sərhədi arasında strateji mövqedə yerləşir.