22 Avqust 2017 13:03
2 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Prezidenti Almazbəy Atambayevin bu gün imzaladığı fərmanla ölkənin baş nazirinin səlahiyyətləri onun birinci müavini Muhammedkalıya Abulqaziyevə həvalə olunub.

Teleqraf.com-un məlumatına görə, bundan daha öncə Qırğızıstan Prezidenti baş nazir Sooronbay Jeenbekovun istefaya göndərilməsi barədə sərəncam verib.

Qeyd edək ki, S.Jeenbekov prezident seçkilərinə qatıldığı üçün istefa verib. Qırğızıstan Mərkəzi Seçki Komisiyası dünən onun nümizədliyini rəsmən təsdiq edib. Seçkidə namizədliyi rəsmən təsdiq edilmiş daha iki namizəd var. Onlar da keçmiş baş nazirlərdir.

Baş nazirin getməsi bütün hökumətin istefa verməsi anlamına gəlir. Ancaq A.Atambayevin imzaladığı başqa bir fərmanla əvvəlki hökumət üzvləri müvəqqəti olaraq öz səlahiyyətlərini icra edəcəklər.

Yeni baş nazirin seçilməsi məqsədilə Qırğızıstan parlamentinin növbədənkənar iclasının avqustun 25-nə təyin ediləcəyi gözlənilir. Ancaq hələlik bununla bağlı yekun qərar verilməyib. Yeni baş nazir yeni kabinet formalaşdıracaq.

Qırğızıstanda növbəti prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Ölkə konstitusiyasına görə, heç kim bir dəfədən artıq prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti 6 ildir. 2011-ci ildə prezident seçilmiş A.Atambayevin səlahiyyət müddəti bu ilin sonlarında başa çatır.


Müəllif: Səxavət

Oxşar xəbərlər