İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti jurnalistlərə açıqlamasında Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın hərbi mərkəzlərinə baxış keçirməsi tələbindən, Amerikanın bu haqdakı rolundan və İraq Kürdistanının qarşıdan gələn müstəqillik referendumundan danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin avqustun 25-də Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin İranın hərbi mərkəzlərinə baxış keçirməsinin vacibliyi haqda səsləndirdiyi fikirlərə toxunan Vilayəti agentliyin Amerikanın təsiri altına düşməkdən çəkinməsinin vacibliyini vurğulayıb:
“Nikki Heylinin səsləndirdiyi bu fikirlər yeni bir söz deyil. Bunun bizə heç bir əhəmmiyyəti də yoxdur. Amerikalılar bu işləri ilə nüvə sazişini ayaq altına atmağa çalışırlar. Lakin dünya onların bu istəyi qarşısında dayanıb.
İranın hərbi mərkəzləri bizim milli təhlükəsizliyimizlə bağlı olan bir məsələdir və heç kəsin onlara baxış keçirməyə ixtiyarı yoxdur və buna imkan da verilməyəcək. Tövsiyyə edirik ki, keçmişdən dərs alsınlar və Amerikanın təsir dairəsinə düşməsin. Çünki, İran İslam Respublikasına qarşı heç bir iş görmək olmaz. Bu mümkün deyil".