Londona səfər edən Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl Cübeyr jurnalistlərə açıqlamasında Ər-Riyadın Tehranla münasibətlərindən danışaraq, iranlı həmkarı Məhəmmədcavad Zərifin iki ölkə arasında diplomatik əlaqələrin yenidən bərpası ilə bağlı son bəyanatına reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Cübeyr jurnalistlərə açıqlamasında İranla diplomatik əlaqələrin yenidən bərpasını rədd edib.
O, bildirib ki, əgər Tehran Ər-Riyadla qarşılıqlı münasibətlərin yaxşılaşdırılmasını istəyirsə, öz siyasətinə yenidən baxmalıdır: “Biz hələ ki bunun üçün İranın mövqeyində və yürütdüyü siyasətində müsbətə doğru hər hansı bir dəyişiklik görməmişik. İran xarici işlər nazirinin bu barədə, yəni ölkələrimiz arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı dedikləri gülünc və məzhəkəlidir. Düşürük ki, əgər İran bizimlə əlaqələrinin yaxşılaşdırılmasını istəyirsə, əvvəlcə öz siyasətinə yenidən baxmalı, beynəlxalq qanunlara hörmətlə yanaşmalı və ona riayət etməlidir. Halbuki, indiki şəraitdə İranın bizə yaxşı bir qonşu olacağı qənaətində deyilik və buna inanmaq üçün də hər hansı bir əsas görmürük.
İranlı zəvvarların builki həccə qatılması üçün iki ölkə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və onların bu barədə danışıqlar aparmasının siyasətə dəxli yoxdur. Bu danışıqların məzmunu dini məsələlərlə bağlıdır. Daha doğrusu, həcc və zəvvarlarla bağlı danışıqlar aparılması, iki ölkə arasında diplomatik əlaqələrin yaranması demək deyil”.
Qeyd edək ki, “İsna” agentliyinə müsahibə verən Zərif İranla Səudiyyə Ərəbistanı arasında əlaqələrin yaxşılaşa biləyəcəyindən danışmışdı: “İranla Səudiyyə Ərəbistanının diplomatik heyətləri həcc mərasimi başa çatandan sonra bir-birinin paytaxtlarına səfər edərək öz səfirliklərindən baxış keçirəcək, əlaqələrin bərpası üçün müzakirələr aparacaqlar. Səudiyyə Ərəbistanı heyətinə həmin məqsədlə ölkəmizə səfəri üçün artıq viza da verilib. Hesab edirik ki, Səudiyyə hökuməti bir sıra məsələlərdə öz siyasətində dəyişiklik etməlidir. Bu onların həm də öz milli mənafeləri üçün vacibdir. Əgər bu ölkə, özünün siyasətinə yenidən baxsa, biz onun bu addımını müsbət qarşılayacağıq”.