İranda qəsdən adamöldürmədə günahlandırılan daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, adı mediaya açıqlanmayan 27 yaşlı qatil bu ilin mayında Kirmanşah əyalətinin İslamabadi şəhərində axşam saatlarında anası ilə birlikdə şəhəri gəzməyə çıxan sevdiyi qızın qətlində günahlandırılıb.
Bildirilir ki, bir neçə dəfə istədiyi qızın evinə elçi göndərən oğlan həm qızdan, həm də onun ailəsindən qəti rədd cavabı alandan sonra onlardan intiqam almaq qərarına gəlib.
O, ana və qızını şəhərdə izlədikdən sonra odlu silahdan onlara atəş açıb. Atəş nəticəsində qız yerindəcə həlak olub, ana isə ağır yaralanıb. Hadisə yerindən qaçan qatil az sonra yaxalanaraq törətdiyi cinayəti etiraf edib.
Edama məhkum edilmiş gənc qatil sentyabrın 12-si sübh saatlarında İslamabadi şəhərində ictimaiyyət qarşısında dara çəkilib.