İngiltərənin həftəlik “Economist” jurnalı Rusiya və Türkiyə arasında S-400 zenit-raket sistemlərinin çatdırılması ilə bağlı razılaşmanı tənqid edib.
Nəşr razılaşmanın Türkiyəyə qarşı sanksiyalarla nəticələnə biləcəyini bildirib.
“Economist” məqaləni S-400-lərin çatdırılması ilə bağlı sentyabr ayında əldə olunan razılaşmadan sonra Türkiyənin “Anadolu” agentliyinin dərc etdiyi bir infoqrafiki xatırlatmaqla başlayıb:
“S-400-ün raketləri vurma qabiliyyəti yüksək qiymətləndirilirdi və qrafikdəki hər bir təyyarə Amerika təyyarəsi idi”, - məqalədə deyilir.
“Economist”ə görə, NATO səlahiyyətliləri Türkiyənin istədiyi yerdən silah alma hüququnun olduğunu söyləməsinə baxmayaraq, hərbi alyans Türkiyənin Rusiyadan hava hücumundan müdafiə sistemi almasına müsbət baxmır. Bildirilir ki, hərbi müqavilə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına zidddir. Nəşr xatırladır ki, ABŞ Dövlət Departamenti oktyabr ayında Rusiyadan hərbi texnika və silah alan ölkələrin cəzalandırıla biləcəyini bəyan edib.
“ABŞ Dövlət Departamenti “qara siyahı”ya S-400-ü istehsal edən şirkəti də daxil etdi”, - nəşr qeyd edib.
Nəşrin yazdığına görə, amerikalı səlahiyyətlilər uzun müddətdir ki, Türkiyəyə hava məkanının müdafiəsi üçün ən yaxşı yolun ABŞ istehsalı “Patriot” sistemlərinin olduğunu söyləyirlər:
“Əslində türkiyəli səlahiyyətlilər də “Patriot”un daha yaxşı variant olduğunu düşünürlər. Amma qiymət mövzusunda tərəddüdləri var. Eyni zamanda, ABŞ-ın raket texnologiyası ilə bağlı Türkiyəyə Rusiyadan daha az informasiya verə biləcəyindən narahatdır”.
Eyni zamanda, nəşr qeyd edir ki, “Patriot”ların Türkiyəyə mümkün satışı barədə razılaşma Konqres tərəfindən təsdiq edilməyə bilər. “Economist” bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda sevilməməsi ilə izah edir.
Məqalə müəllifi sonra Putinə xəbərdarlıq etməyi də unutmayıb: “Ankara S-400 batareyalarının bəzi hissələrinin istehsalı üçün Türkiyəyə icazə verilməsi məsələsində hələ də israrçıdır. Ancaq Putinin (Rusiya prezidenti Vladimir Putin –red.) həssas müdafiə texnologiyasını paylaşmaq kimi bir vərdişi yoxdur. Şübhə yoxdur ki, Putin S-400 anlaşmasının Türkiyə ilə Qərb arasındakı münasibətləri daha da gərginləşdirəcəyinə ümid edir, amma yenə də rus sirlərini bir NATO üzvü ilə paylaşmaqdan çəkinməlidir”./Publika.az/