13:06
Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı başlayıb.
Teleqraf.com xəbər verir ki, sayca 13-cü olan mətbuat konfransına 1640 jurnalist qatılıb.
***
13:17
Rusiya Prezidenti Vladimir Putin növbəti seçkilərdə iştirakı və Rusiyanı necə görmək istəməsi ilə bağlı jurnalistin sualını cavablandırıb:
“Mən dəfələrlə Rusiyanı necə görmək istədiyimi demişəm. Ölkə müasir, siyasi sistem də çevik olmalıdır”.
Putin seçkidə iştirak səbəblərini açıqlamayıb: “Bunun üçün seçkiqabağı kampaniyalar var. Bu, mənim rəqiblərim üçün haqsızlıq olardı”.
***
13:25
Rusiya Prezidenti Vladimir Putin seçkilərə müstəqil namizəd kimi qatılacaq.
O bildirib ki, buna baxmayaraq, bir çox siyasətçilərin dəstəyini gözləyir.
***
14:02
Rusiya beynəlxalq təhlükəsizliklə bağlı heç bir anlaşmadan çıxmayıb.
Bu sözləri ənənəvi illik mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, ABŞ Yaxın və Orta mənzilli raketlərin ləğvi ilə bağlı razılaşmanı özü tərk edib.
Putin əlavə edib ki, Rusiya silahlanma yarışına qatılmadan öz təhlükəsizliyini təmin edəcək.
***
14:21
Beynəlxalq Olimpiya Komitəsinin rusiyalı idmançılarla bağlı verdiyi qərara siyasi vəziyyətlə bağlıdır.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib:
“Mən bilirəm ki, bu qərar Rusiyaya qarşı həyata keçirilən siyasətin bir hissəsidir”.
O əlavə edib ki, dünyanın bir çox ölkələrində doplinqlə bağlı məsələlər gündəmə gəlir: “Ancaq onlar buna fikir vermirlər”.
Qeyd edək ki, BOK-un qərarına əsasən, rusiyalı idmançıların Qış Olimpiya oyunlarında iştirakı qadağan edilib.
***
14:34
ABŞ Prezidenti Donald Trampın işini mən yox, onun seçiciləri dəyərləndirməlidir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib:
“Ancaq biz Trampın kifayət qədər uğurlar qazandığını görürük. lakin seçkiqabağı verdiyi vədlərin bir çoxunu, o cümlədən Rusiya ilə əlaqələrin yaxşılaşdırılması ilə bağlı məsələni reallaşdıra bilmir. Buna səbəb ABŞ daxilindəki qadağalardır”.
Putin bildirib ki, Rusiya ilə ABŞ-ın birgə işləyə biləcəyi bir çox məsələlər var.
O əlavə edib ki, Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi uydurmadır.
***
14:59
Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında fransalı jurnalistin sualına ironiya ilə cavab verib.
“Assoşeyted Press” agentliyinin jurnalisti Şimali Koreyanın nüvə potensialına qarşı fəaliyyətin Rusiya və ABŞ-ı yaxınlaşdıra biləcəyi ilə bağlı sualına Putin belə cavab verib:
“Siz normal insansız? Qalstuklu, yaxşı geyinmiş ABŞ Konqresmenləri Rusiyanı İran və Şimali Koreya ilə eyni sıraya qoydu. Bununla yanaşı, amerikalılar Rusiyadan Şimali Koreya ilə bağlı məsələni həll etməyə çağırır”.
Putin əlavə edib ki, Rusiya Şimali Koreyanın nüvə statusunu tanımır və tanımayacaq.
***
15:12
Minsk öhdəliklərini Kiyevin hazırki hökuməti yerinə yetirmir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib ki, Ukrayna rəhbərliyi bu öhdəliklərdən müxtəlif yollarla qaçır:
“Bu münaqişənin həllində ABŞ-ın da xüsusi rolu var. Onların bu məsələyə birbaşa aidiyyatı var. Normand dördlüyü formatının zəif fəaliyyət göstərməsinə səbəb də Kiyevin hazırki rəhbərliyidir. Vaşinqton nümayəndəsinin Normand formatına qatılmasına gəlincə, mən heç vaxt buna qarşı olmamışam. Bu bizim səlahiyyətlərimizdə deyil”.
Putin əlavə edib ki, Rusiya və Ukrayna çox yaxındır: “Sizin səhvsiz rusca danışmağınız buna sübutdur. Donbasda baş verənlər isə faciədir. Mən bu məsələdə sizinlə razıyam. Yenə də qeyd edirəm ki, Donbasda rus qoşunları yoxdur. Ukrayna tərəfi bizə sülhməramlılarla bağlı təklif verdi. Biz anında razı oldu. Ancaq müşahidəçilər bu məsələdən razı qalmadı”.
Rusiya lideri Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynadakı fəaliyyətini də dəyərləndirib:
“Saakaşvili Ukrayna və Gürcüstan xalqının üzündə tüpürcəkdir. Siz buna necə dözürsüz?! Ukraynanı idarə edə biləcək ukraynalı yoxdur? Buna baxanda mənim ürəyim ağrıyır”.
***
15:43
Rusiya Prezidenti Vladimir Putin Polşa Prezidenti Lex Kaçinskinin təyyarəsinin Smolenskdə qəzaya uğraması ilə bağlı suala əsəbləşib:
“Biz bu məsələ ilə bağlı açıqlama verməkdən yorulmuşuk. Siz deyirsiz ki, təyyarədə partlayıcı olub. Təyyarə Varşavadan uçub. Demək ki, partlayıcı da orda yerləşdirilib. Orada da axtarın! İkincisi araşdırma qrupu təyyarənin partlamadığını bildirib. Heç nə uydurmaq lazım deyil. Buna faciə kimi yanaşın! Bu səhifəni çevirin! Böyüyün! Siz bu məsələni gündəmə gətirməklə Rusiya-Polşa münasibətlərini pisləşdirmək, Polşanın hazırki hökumətinə hansısa reytinq qazandırmaq istəyirsiz. Fikrimcə, Rusiya-Polşa münasibətləri daha üstündür. Bizə başqa heç nə lazım deyil”.
***
15:52
Miqrantlarla bağlı məsələni Suriyanın hazırki hökuməti təkbaşına həll edə bilməyəcək.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, bunun üçün bütün ölkələr Suriyaya kömək etməlidir: “Rusiya bu məsələdə Suriyaya kömək etməyə hazırdır”.
Rus lider əlavə edib ki, bu gün miqrant böhranının ən böyük ağırlığı Türkiyənin üzərinə düşür.
Putin Suriyaya səfəri barədə də danışıb: “Ora getməyi mən çoxdan planlaşdırmışdım. Ancaq təhlükəsizlik məsələləri ilə bağlı səfəri reallaşdıra bilmirdim. Budəfəki səfərimdə də prezident təyyarəsini Suriyadakı rus qırıcıları qoruyub”.
***
16:17
Rusiyada prezidentiliyə namizəd, teleaparıcı Kseniya Sobçak Prezident Vladimir Putinin ənənəvi illik mətbuat konfransında sual verib.
Sobçak Rusiyada prezidentliyə namizəd olan müxalif şəxslərə yaradılan problemlərdən danışıb. O bildirib ki, müxalif namizədlərə xalq yardım etmək istəmir: “Onlar bilir ki, ya onları öldürəcəklər, ya həbs edəcəklər, ya da ki başqa problemlər yaradacaqlar. Mən özümü və müxalif lider Aleksey Navanlını nəzərdə tuturam. Navalnı ilə bağlı yalan ittihamlar hazırlanıb, onu həbs etdilər. Ancaq Avropa məhkəməsi bu ittihamların yalan olduğunu elan etdi. Bu problemlərı nə ilə bağlıdır? Hazırki hakimiyyət dürüst mübarizədən qaçır?”
Putin bu sualda Saakaşvilini misal göstərib və bildirib ki, Ukrayna ssenarisi Rusiyada davam etdirilə bilməz:
“Müxalifət meydana aydın, anlaşılan proqramı ilə çıxmalıdır. Bizim müxalifət “hamıya qarşı” mövqeyi ilə çıxır. Siz nə təklif edirsiz? Əgər müxalifətin proqramı olmasa, Rusiyada da “Maydanlar” baş verə bilər, küçədə “saakaşvililər” qaçacaq”.
Putin qeyd edib ki, rus xalqı bunu istəmir.
***
16:33
Əfqanıstandakə terrorçuluqla və narkotrafiklə bağlı mübarizəni Rusiya və ABŞ arasında əməkdaşlıqla gücləndirmək olar.
Bu sözləri ənənəvi illik mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Rusiya Əfqanıstanda baş verən hadisələri yaxından izləyir: “Bölgədə baş verən hadisələr bizi çox narahat edir. Əfqan hökumətinin bu məsələlərdə dəstəyə ehtiyacı var”.
***
Rusiya Prezidenti Vladimir Putinin ənənəvi 13-cü illik mətbuat konfransı başa çatıb.
Konfransın sonunda Putin hər kəsi Yeni il münasibəti ilə təbrik edib və uğurlar arzulayıb.