İranın keçmiş prezidenti Mahmud Əhmədinejad yaydığı video-müraciətdə ona və onun komandasına qarşı irəli sürdüyü ittihamları sübut etmək üçün Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaniyə 48 saat vaxt verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əhmədinejad İran Məhkəmə Sisteminin rəisini tutduğu vəzifədən sui-istifadə etməkdə, ölkənin ana yasasına və mövcud qanunlara riayət etməməkdə günahlandırıb: “Hesab edirik ki, məhkəmə sistemində islahatlar olsa, bir çox problemlər öz həllini tapacaq. Təəssüflər olsun ki, Məhkəmə Sisteminin rəisi dəfələrlə ölkə konstitusiyasının 36-cı və 37-ci bəndlərinə qarşı çıxaraq mənə və dostlarıma qarşı bəzi ittihamlar irəli sürüb. Halbuki belə bir vəzifəni daşıyan şəxs hamıdan çox qanuna və ana yasaya tabe olmalı idi.
Mən üzümü Sadıq Laricaniyə tutub deyirəm: Sizdən mənə və dostlarıma ədalətli bir məhkəmə keçirilməsini gözləmirəm. Əgər sizin başçılıq etdiyiniz hansısa bir saxta məhkəmədə mənə və dostlarıma qarşı irəli sürdüyünüz bu ittihamlara görə məhkum edilmişiksə, həmin ittihamları sübut edən sənədləri ictimaiyyət qarşısına çıxarmağınız üçün sizə 48 saat vaxt verirəm. Əks təqdirdə, şəxsən sizin son 8 ildə tutduğunuz postda gördüyünüz işləriniz və əməlləriniz barədə nəzərimi ictimaiyyətə bildirəcək, hər şeyi xalqa açıqlayacağam”.
Qeyd edək ki, axund Laricani dekabrın 13-də tələbələrlə görüşündə Əhmədinejadı və onun prezidentliyi dövründə vəzifə tutmuş yaxın adamlarını “fitnəkar”, “azğın” və “Babək Zəncaninin himayədarı” adlandıraraq, onları başçılıq etdiyi quruma qarşı ittihamlar yağdırmaqda və Məhkəmə Sistemini zəiflətməkdə günahlandırmışdı.