Aprel savaşı erməni cəmiyyətində Rusiyaya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamı sarsıdıb. Bunu Ermənistanda keçirilən son rəy sorğularından biri də sübut edir.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, İrəvanda yerləşən Regional Əməkdaşlıq və Qloballaşma Mərkəzinin başda İrəvan olmaqla Ermənistanın müxtəlif şəhərlərində 900 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə rəyi soruşulanların 34 fazi Rusiyanı əvvəlkitək strateji tərəfdaş saydığı halda 30 faiz bunun əksini düşünür. E.Şahinoğlu bildirib ki, “Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edirmi” sualına verilən cavabdakı nisbət də məyusluqdan xəbər verir:
“Respondentlərin 25 faizi düşünür ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edir, 30 faiz isə təmin etmədiyini bildirib”.
Analitik ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına inamının lap azaldığını qeyd edib:
“Ermənilərin yalnız 31 faizi hesab edir ki, Azərbaycanla müharibə başlayacağı təqdirdə adı çəkilən təşkilat Ermənistanı qoruyacaq, 63 faizi isə “qorumayacaq” deyib. Ermənilərə ən çox təsir edən odur ki, Rusiya Ermənistanı strateji tərəfdaş adlandırdığı halda Azərbaycana silah satır. Rusların “bu biznes layihədir, imtina edə bilmərik” cavabı erməniləri daha çox məyus edir. Erməni separatçıları vaxtilə Azərbaycan torpaqlarını Rusiya ordusu və kəşfiyyatı hesabına işğal edib, Moskva apreldə də 4 gündən çox müharibəyə imkan vermədi, ancaq ruslar erməniləri Azərbaycan ordusunun raket və snayper atəşlərindən qorumaq fikrində deyil. Erməni separatçılarının yaydıqları son rəqəmlərə görə, işğalçı Ermənistan ordusunun 2017-ci ildə 60 itkisi olub”.
Bunun hələ açıqlanan rəqəm olduğunu vurğulayan E.Şahinoğlu yorucu müharibəyə davam etməli olduğumuzu vurğulayıb.