Güney Azərbaycanın Xoy şəhərində Milad Hacilu və Məhəmməd Abazəri adlı iki azərbaycanlı fəal saxlanılıb.
Teleqraf.com xəbər verir ki, İranın İnformasiya və Kəşfiyyat Nazirliyi – ETTELAAT əməkdaşları tərəfindən saxlanılan fəallar naməlum istiqamətə aparılıblar.
Fəalların yaxınları onların son günlərdə Xoy şəhərində İran rejiminin ədalətsizlik və ayrı-seçkilik siyasətinə qarşı keçirilən kütləvi aksiyalarla əlaqədar saxlanıldığını düşünür.
Onların hazırda harada saxlanıldığı dəqiq məlum deyil, lakin ETTELAAT idarəsinin təcridxanasında işgəncələr altında sorğu-suala tutulduqları ehtimal edilir.
Qeyd edək ki, dekabrın sonu, yanvarın əvvəllərində İranın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında 20-dən çox etirazçı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, minlərlə insan saxlanılıb. Güney Azərbaycan şəhərlərində isə 100-dən çox etirazçının yaxalandığı bildirilir. Onların əksəriyyəti naməlum vəziyyətdə saxlanılır.