27 Yanvar 2018 19:27
4 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya Müharibəsinin sonunda ABŞ əsgərləri Almaniyanın Veymar şəhərindəki nasist düşərgəsində baş verənləri alman vətəndaşlarına əyani şəkildə göstəriblər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə ilə bağlı video ilk dəfə ortaya çıxarılıb.

Görüntülər bəşər tarixi üçün üz qarası hesab olunur. Nasist Almaniyasında qeydə alınmış videoda ürək dağlayan hadisələr əks olunub. Alman qadınları belə nasistlərin əməllərinə dözməyərək ağlayıblar.

1945-ci ildə Veymar şəhərinin Buhenvald düşərgəsində lentə alınan görüntülərdən görünür ki, ABŞ əsgərləri sıravi almanları düşərgədə gəzdirir və nasistlərin cinayətlərini onlara nümayiş etdirirlər. Almanlar düşərgədə qətliam sonrası üst-üstə yığılmış cəsədlərə baxarkən dəhşətə gəlirlər.

Gördüyünə dözməyib huşunu itirən bir xanıma ABŞ əsgərləri kömək etməli olur.

Qeyd edək ki, Buhenvald nasist Almaniyasında ən böyük əsir düşərgəsi olub. Bu, eyni zamanda antifaşist koalisiya qüvvələri tərəfindən ələ keçirilərək azad edilən ilk düşərgə sayılır.

1937-ci ildə yaradılan düşərgədə 35 min insan öldürülüb. Ancaq araşdırmaçılar rəqəmin daha böyük olduğunu düşünürlər.

ABŞ əsgərlərinin Veymar şəhərinə daxil olmasının ardınca düşərgədə həyat uğrunda mübarizə aparan 400 kişi dərhal xəstəxanalara aparılıb. Onların nasistlər tərəfindən qruplara bölünərək kameralarda saxlandığı məlum olub. Burada əsasən yəhudilər, əlillər, cinsi azlıq nümayəndələri və sovet ordusundan əsir götürülən əsgərlər saxlanılıb.

ABŞ ordusu düşərgəyə 11 aprel 1945-ci il saat 03:15 də daxil olublar. Həmin andan divara vurulmuş saatın əqrəbləri dayandırılıb.

Hazırda düşərgə muzeyə çevrilib. Divarda nasist dövründən qalan və saat 3:15-i göstərən saat da sərgilənir.


Müəllif: Cavad

Oxşar xəbərlər