Dünən Rusiyanın paytaxtı Moskva yaxınlığında qəzaya uğrayan təyyarənin həlak olan 71 sərnişini ilə bağlı bəzi məlumatlar üzə çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sərnişinlər arasında yüksək vəzifəli şəxslər və onların ailə üzvləri olub:
“Orsk vilayətinin Qaysk rayonunun Filizsaflaşdırma kombinatının direktorunun oğlu İlya Stavski hadisə baş verən gün 33 yaşını qeyd etmək üçün Moskvadan valideynlərinin yanına gəlirmiş.
Orsk mərkəzi bazarının sahibləri Viktoriya və Zoya Anainilər nəvələrinin Moskvada keçirilən toy mərasimindən sonra evlərinə qayıdırmış.
Sərnişin arasında Orsk administrasiyasının sabiq rəhbərinin həyat yoldaşı, Orenburq vilayətinin Federal Xəzinədarlıq İdarəsinin şöbə rəisi Antonina Kozupitsa da olub.
“Orsknefteorqsintez” zavodunun baş energetiki 60 yaşlı Vladimir Normantoviç oğlu Aleksandr və İsveçrə vətəndaşı ilə birlikdə yeni layihə üçün Orsk vilayətinə qayıdırmış.
Yelena Davıdova “Cənubi Ural dağ-emal” şirkətinin iqtisadiyyat və maliyyə idarəsinin direktoru olub.
Qəza zamanı “Admiral” hokkey klubunun üzvü, 22 yaşlı Darya Tolmasova da həlak olub”.
Qeyd edək ki, qəzada bir azərbaycanlı da həlak olub. 5 may 1971-ci il təvəllüdlü Namiq Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub. N. Qəhrəmanov Orsk şəhərində biznes fəaliyyəti ilə məşğul olub. Onun keçmiş avtoritet olduğu, sonradan bu aləmdən uzaqlaşdığı bildirilir.