İranın Ədliyyə naziri Əlirza Avayinin BMT İnsan Hüquqları Şurasının toplantısına qatılması böyük rüsvayçılıqdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib:
“Hesab edirəm ki, BMT-nin İnsan Hüquqları Şurası bu əməlinə görə utanıb xəcalət çəkməlidir. Çünki İranın Ədliyyə naziri Əlirza Avayinin müxtəlif postlarda çalışdığı illər ərzində İranda söz və ifadə azadlığına qadağa qoyulmasında, dinc müxaliflərə qarşı tətbiq edilən repressiya və zorakılıqlarda, eləcə də ölkədə həyata keçirilən qanunsuz edamlarda birbaşa əli olub.
Bu isə onu İranda insan hüquqlarını açıq-aşkar pozan rəsmilərdən birinə çevirib. Bu, qəbuledilməzdir”.
Xatırladaq ki, Əlirza Avayi İranda həyata keçirilən repressiyalarda, kütləvi edamlarda və insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa iştirak etdiyinə görə İranın digər 29 rəsmisi ilə birlikdə 2011-ci ildə Avropa Birliyinin barəsində sanksiya qoyduğu şəxslərin siyahısına daxil edilib.