26 Mart 2018 11:51
2 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika kəşfiyyatı Taliban lideri Molla Məhəmməd Mənsurun 2016-cı ildə saxta pasportla Dubaya səfər etdiyi haqda məlumat əldə etsə də, son anda onu əlindən qaçırıb.

Teleqraf.com xəbər verir ki, bunu “Vaşinqton Post” qəzeti iddia edib.

Qəzet qeyd edib ki, ABŞ kəşfiyyatı 2016-cı ilin yazında Məhəmməd Mansurun saxta Pakistan vətəndaşı qismində Dubaya səfər etdiyi haqda məlumat əldə edib.

Buna baxmayaraq, Taliban liderini həbs edib-etməmək məsələsində ABŞ rəsmiləri arasında fikir ayrılığı yaranıb. Buna səbəb 2016-cı ilin fevralında Taliban-ABŞ danışıqlarının riskə atıla biləcəyi olub. Bəzi ABŞ rəsmiləri hesab edib ki, Molla Mənsur həbs edilsə, aparılan danışıqlar uğursuz nəticələnəcək.

Molla Mənsurun həbs edilib-edilməməsi haqda müzakirə və mübahisələr davam etdiyi zaman bəlli olub ki, Taliban lideri Dubay səyahətini yarımçıq qoyaraq geriyə qayıtmaq qərarı verib.

Bu zaman Ağ Evin milli təhlükəsizlik müşaviri Suzan Rays Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Vaşinqtondakı səfirindən Molla Mənsurun həbsini tələb edib. Az sonra səfir Ağ Evlə əlaqə yaradaraq bildirib ki, Molla Mənsurun olduğu təyyarə artıq BƏƏ-ni tərk edib.

Belədə Suzan Rays səfirdən təyyarə kapitanı ilə əlaqə saxlamağı, təyyarənin geri döndərməyi tələb edib. Səfir isə artıq gec olduğunu deyib.

Beləliklə, ABŞ Taliban liderini həbs etmək şansını itirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş nümayəndəsi Bryus Ridelin fikrincə, Molla Mənsuru həbs edib ABŞ-a vermək BƏƏ-ni pis vəziyyətə salardı:

“Molla Mənsur BƏƏ-də həbs edilsəydi, bəlli olacaqdı ki, amerikalı əsgərləri qətlə yetirən bir şəxs maliyyə əldə etmək üçün Dubaya gəlir. Bu amil Molla Mənsurun Dubaydan qaçmasında BƏƏ-nin maraqlı olduğunu deməyə əsas verir”.

Xatırladaq ki, Taliban lideri Molla Mənsur Dubay səfəri zamanı ABŞ casuslarının əlindən qaça bilsə də, 2016-cı ilin mayın 20-də Pakistanda avtomobillə hərəkət edən zaman öldürülüb.


Müəllif: Cavad

Oxşar xəbərlər