Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə ölkənin Hatay vilayətinə səfər etmiş məşhur sənət adamları onları tənqid etmiş Cümhuriyyət Xalq Partiyasının (CXP) başqanı Kamal Kılıçdaroğluya qarşı birgə bəyanat yayıblar.
İbrahim Tatlıses, Sibel Can, Yavuz Bingöl, Cengiz Kurdoğlu, Mustafa Sandal, Əhməd Şəfəq, Alişan, Seda Sayan, Dəniz Seki, Muazzez Ərsoy, Necati Şaşmaz kimi məşhurların imzaladığı bəyanatda bildirilir ki, onlar Suriya ilə sərhədə oradakı türk əsgərlərin ovqatını yüksəltmək üçün səfər ediblər.
"Ulu öndər Mustafa Kamal Atatürkün qurduğu bir partiyanın başqanının Afrində terrorçulara qarşı vuruşan, dostlarını itrimiz hərbçilərimizi ziyarət etməyimizdən nə üçün narahat olduğunu, bizi nə üçün təhqir etdiyini anlamaqda çətinlik çəkirik. Cənab Kılıçdaroğlu nə üçün bölgəyə getməkdən imtina etdiyinin səbəbini açıqlamalıdır. Biz etdiyi həqarətə görə Kılıçdaroğluya qarşı məhkəmə iddiası qaldıracağıq", deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Kamal Kılıçdaroğlu CXP-nin toplantısındakı çıxışında Afrində 52 türk əsgərin şəhid olduğunu bildirərək Ərdoğanın sənətçilərlə birlikdə Hataya səfərini sərt tənqid etmişdi.