Aprelin 9-da Ermənistanda parlament tərəfindən seçilmiş ilk prezident olan Armen Sərkisyanın andiçmə mərasimi keçirilib.
2015-ci il konstitusiya referendumundan sonra ölkə parlamentli idarəetmə üsuluna qədəm qoyub. Ancaq bunlar hamısı kağız üzərindədir. Bəs Ermənistanın bundan sonrakı həyatı necə olacaq?
Yeni prezidentin gündəlik həyatı
İnauqurasiya mərasimi keçirilsə də, Armen Sərkisyanın iqamətgahında qarışıqlıq var və onun komandası gözləmə mövqeyindədir. İki gündür vəzifəsinin icrasına başlayan Sərkisyan hələ də heç bir təyinat həyata keçirməyib. Ölkənin 4-cü prezidentinin kabinetində sabiq dövlət başçısı Serj Sərkisyanın təyin etdiyi şəxslər işləyir. Onlar vəzifələrindən azad edilməyiblər. Armen Qevroqtan hələ də Prezident Aparatına rəhbərlik edir. Yeni prezidentin mətbuat katibi və müşavirləri isə yoxdur.
Məlumatlara görə, Armen Sərkisyan prezident seçilməsinə baxmayaraq öz komandasından ibarət aparatın tərkibini hazırlamayıb.
Müxaliflər parlamentə od vurdu
Ermənistan müxalifəti ötən gün parlamentdə insident törədib. Hadisə “Ticarət və xidmət haqqında” qanunda dəyişiklik edilməsi məsələsinin müzakirəsi zamanı baş verib.
“Yelk” partiyasının üzvü Ararat Mirzoyan çıxış üçün söz istəyib. Ancaq o, çıxışı zamanı qanun layihəsi ilə bağlı deyil, vətəndaşları sabiq prezident Serj Sərkisyanın baş nazir postuna namizəd göstərilməsi əleyhinə mitinqdə iştiraka səsləyib.
Bundan sonra deputat cibindən çıxardığı fişəngə od vurub. Ona müxalif deputat Lena Nazaryan da dəstək verib. Hadisədən sonra vitse-spiker Eduard Şarmazanov hər iki deputata səslənib. O, şounun alınmadığını deyib. Hadisə zamanı parlament iclasında cəmi 10 deputat olub.
“Yelk” partiyasının digər deputatı Mane Tandilyan jurnalistlərə açıqlamasında İrəvanda Sərkisyanın baş nazir postuna namizəd göstərilməsinə qarşı mitinq keçiriləcəyini bildirib. O bu mitinqin etiraz aksiyası kimi qiymətləndirilməsini istəyib.
Hazırda hamını mitinqdə nə qədər insanın iştirak edəcəyi maraqlandırır. İddialara görə, bu mitinq Ermənistan tarixinin ən böyük nümayişləri sırasına daxil ola bilər. Çünki mitinq güclü sponsorlar tərəfindən maliyyələşdirilir.
Məlumatlarda bildirilir ki, mitinq aprelin 17-də parlament önündə başa çatacaq. Həmin gün ölkənin yeni baş nazirinin adına aydınlıq gələcək.
Karapetyan bunu sübut etməlidir ki...
Ermənistanın yeni baş nazirinin namizədliyini hazırkı hökumət rəhbəri Karan Karapetyan irəli sürməlidir. Karapetyan Serj Sərkisyanın namizədliyini təqdim etmək niyyətindədir. Ancaq bu zaman hazırkı hökumət rəhbəri niyyətini əsaslandırmalıdır. O, Sərkisyanın yeni baş nazir seçilməsi üçün səbəbləri göstərməlidir.
Məlumatlara görə, Sərkisyanın namizədliyini Respublika və Daşnaksütun partiyaları dəstəkləyəcək, “Yelk” buna qarşı çıxacaq. “Tsarukyan” bloku ilə bağlı məsələ isə sual altındadır.