22 İyun 2018 10:40
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasında Texas ştatını təmsil edən, Konqresin Qaydalar Komitəsinin sədri və Azərbaycan üzrə İşçi Qrupunun üzvü, nüfuzlu respublikaçı Pit Seşnz 28 may – Respublika gününün 100-cü ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycannın ABŞ-dakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, bəyanatda 28 mayda bünövrəsi qoyulmuş Azərbaycan Demokratik Respublikasının müsəlman aləmində ilk dünyəvi parlamentli respublika olduğu vurğulanıb.

Sovet İttifaqının çökməsinin ardınca ABŞ-ın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyaraq diplomatik münasibətlər qurduğu qeyd olunub. Həmçinin, müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində Azərbaycanın ABŞ-ın etibarlı dostuna çevrildiyi bildirilib.

2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ-ın mühüm müttəfiqi olduğu, Əfqanıstan, Balkanlar və İraqdakı əməliyyatlarda ABŞ-la birgə iştirak etdiyi vurğulanıb.

Bəyanatda eyni zamanda, İsraillə güclü iqtisadi, hərbi və strateji əlaqələrə malik Azərbaycanın onun regionda ən yaxşı müttəfiqlərindən biri olduğu, bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsində mühüm rol oynadığı qeyd olunub.

Sonda Konqres üzvü bir daha Azərbaycan Respublikasını bayram münasibətilə təbrik edərək ABŞ və Azərbaycan arasındakı güclü əlaqələrin uzun illər davam edəcəyinə ümidini ifadə edib.


Müəllif: Səxavət