18 İyul 2018 14:45
1 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın təhsil naziri Məhəmməd Bəthayi ölkənin təhsil müəssisələrində qeyri-fars dillərinin qadağan olunduğunu bildirib. O, fars dilini “qırmızı xətt” adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə İsfahan şəhərində keçirdiyi iclasda danışıb.

Nazir qeyri-fars dillərinin İran üçün təhlükəli olduğunu bildirib:

“Bəzi müəssisələrdə şagirdlərə digər dillər tədris olunur. Bu, olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrindən öyrənirlər, ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidirlər. Fars dili “qırmızı xətt”dir, məktəblərdə bundan o tərəfə keçmək olmaz”.

Bu barədə Teleqraf.com-a danışan Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) idarə heyətinin üzvü Ağrı Qaradağlı bildirib ki, İranda qeyri-fars dilləri, o cümlədən 35 milyondan çox Güney Azərbaycan türkünə öz dillərində tədris almaq qadağan edilib.

GAMOH rəsmisi buna görə azərbaycanlıların təzyiqlərlə üzləşdiyini diqqətə çatdırıb:

“Hesab edirik ki, Azərbaycan dilinə qoyulan qadağa azərbaycanlılara qarşı aparılan assimiliyasiya siyasətinin tərkib hissəsidir. Milyonlarla Azərbaycan türkü İran dövlətin bu qanunsuzluğuna etiraz etsə də, acınacaqlı vəziyyəti düzəltmək mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər