Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Helsinkidəki qapalı görüşündə Ağ Ev sahibinə Donbasda referendum keçirməyi təklif edib. Bu təklif görüşdən sonra prezidentlərin mətbuat konfransında ona görə səsləndirilməyib ki, Putin Trampa təklifi rahat dəyərləndirmək üçün vaxt qazandırmaq istəyib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, V.Putin bu təkliflə D.Trampı tələyə salmaq istəyib:
“Böyük ehtimalla Putin təklfini belə əsaslandırıb: “Demirsiz ki, hər yerdə demokratiya vacibdir, qoy Donbas sakinləri özləri müəyyənləşdirsinlər ki, Ukraynanın tərkibində qalmaq istəyirlər, yoxsa müstəqilliyə üstünük verirlər”.
E.Şahinoğlunun sözlərinə görə, bundan sonra necə demək olar ki, V.Putin Ermənistanın Baş naziri Nikol Paşinyana təzyiq edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək:
“Donbas üçün Trampa “referendum” təklifini verən şəxs Dağlıq Qarabağ üçün niyə fərqli mövqedən çıxış etməlidir? Putin referendum fikrini səsləndirməklə Paşinyana yaxşı pas vermiş oldu. Ona görə,hətta başqa məkan üçün “separatçılar referendum keçirə bilərlər” fəlsəfəsindən çıxış edən istənilən yanaşma bizim üçün zərərlidir”.
Qeyd edək ki, Rusiya Prezidentinin D.Trampa ünvanladığı referendum təklifi ilə bağlı məlumatı “Bloomberg” agentliyi yayıb.