2 Avqust 2018 15:35
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın müttəfiq adlandırdığı dövlətlərlə münasibətlərdə yaratdığı gərginliklər səngimək bilmir. Hazırda Türkiyə ilə münasibətlərdə belə bir gərginlik yaradılıb. ABŞ vətəndaşı olan protestant keşiş Endrü Bransonun həbsi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan ocağa çevrilib.

Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin dekanı, politoloq Ramiyə Məmmədova deyib.

Onun sözlərinə görə, amerikalı keşiş 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı həmin ilin oktyabrında İzmirdə həbs edilib:

“O, hərbi-siyasi casusluqda, terror təşkilatının maraqları naminə cinayət törətməkdə ittiham edilir. Prezident Donald Tramp, həmçinin vitse-prezident Mayk Pens Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəsələr də, keşiş nəinki sərbəst buraxıldı, hətta məhkəmə qərarı ilə ev dustaqlığına məhkum edildi. Türkiyənin bu addımı ABŞ rəhbərliyini qane etmədi və onlar Ankaraya qarşı siyasi oyun başlatmaq qərarına gəldi”.

R.Məmmədova bildirib ki, Türkiyə-ABŞ münasibətləri onsuz da F-35 tipli hərbi təyyarələrin Ankaraya satışının dayandırılmasından sonra pisləşmişdi:

“İndi isə bu gərginliyin üstünə rahib məsələsi də gəlindi. Nəticədə NATO-da müttəfiq olan ABŞ və Türkiyənin münasibətləri daha da korlandı. Əlbəttə, Türkiyə-ABŞ münasibətlərində problem Vaşinqtonun Suriyada kürdlərə verdiyi dəstək nəticəsində başlayıb. Keşiş məsələsi isə ABŞ üçün yeni “kozır”a çevrilib. ABŞ artıq Türkiyəyə sanksiyaların tətbiq edildiyini bildirib. Ağ Ev Türkiyənin ədliyyə və daxili işlər nazirlərinin ABŞ-dakı bütün aktivlərinə və bütün ticari əlaqələrinə sanksiyaların qoyulduğunu elan edib. Ankara isə ABŞ-ın bu cür hərəkətlərinin Türkiyənin daxili işlərinə qarışdığını bildirərək bunun heç kimə faydası olmayacağını vurğulayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Tvitter” üzərindən “ABŞ-ın iki nazirimizə qoyulduğu sanksiyalar qarşılıqsız qalmayacaq. ABŞ-ın qanunsuz hərəkəti bu problemləri həll etməyəcək” deyə bildirib”.

Bu arada ABŞ Konqresi tərəfindən Türkiyəyə F-35 təyyarələrinin satışının tam dayandırılması barədə qərar qəbul edildiyini qeyd edən R.Məmmədova hazırda məsələnin imzalanmaq üçün D.Trampa təqdim edildiyini vurğulayıb:

“Beləliklə, İran və Rusiyadan sonra Türkiyə də sanksiyalar siyahısına daxil oldu. Bunu da gərginliyin Donald Tramp tərəfindən bilərəkdən yaradıldığının, Vaşinqtonun dünya siyasətində və Yaxın Şərqdə gücünün laxlamış olduğunun bariz nümunəsi kimi dəyərləndirmək olar. ABŞ-ın digər hədəfi isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ərdoğanın bu dərəcədə sərbəstliyi, ABŞ-la müttəfiq olmasına baxmayaraq Rusiya ilə hərbi-siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirməsi, həmçinin İranla iqtisadi əlaqələri qoruyub saxlaması Ağ Evi narahat edir. Tətbiq edilən sanksiyalar nəticəsində bu dövlətlərin Rusiyaya yaxınlaşmaları artıq göz qabağındadır. Bu isə öz növbəsində ABŞ-ın Yaxın Şərqdə gücünü azaldır və həmi bölgədə onun maraqları ilə hesablaşmayan rejimləri dəyişmək istəyini mümkünsüzləşdirir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər