ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi və bu ölkənin Azərbaycandakı səfiri olmuş Metyu Brayza prezident Donald Trampın Türkiyəyə qarşı siyasətini sərt tənqid edən məqalə qələmə alıb.
Teleqraf.com xəbər verir ki, Brayza "Washington Post"da "ABŞ Türkiyəni itirməyə imkan verməyəcək" başlıqlı məqaləsində Donald Trampın Türkiyəyə yönəli qərarlarının iki ölkə arasındakı münasibətləri təhlükəli şəkildə gərginləşdirdiyini yazıb.
"Bu, NATO müttəfiqinə qarşı maksimum səviyyədə zərər vurmağa hesablanmış, gözlənilməyən və düşməncə bir addımdır. Trampın açıqlamaları iki ölkə arasındakı dialoq imkanlarını aradan qaldırdı. Tramp Ərdoğanı açıq şəkildə küncə sıxmaqla rahib Bransonun sərbəst buraxılmasını daha da çətinləşdirdi.
ABŞ Türkiyə iqtisadiyyatına zərər vurmaqla müttəfiqlikdən vaz keçdiyini göstərdi. Tramp Türkiyədən imtina etməklə ABŞ-ın Orta Şərqdəki təsirini yox etdi və İŞİD ilə mübarizə koalisiyasını zor durumda buraxdı.
Son hesabata görə İŞİD yenidən səhnəyə qayıdır. ABŞ-ın Türkiyədən uzaqlaşması Ankaranı Moskva ilə daha da yaxınlaşdırır. ABŞ Dövlət Katibliyindəki 23 illik diplomatik fəaliyyətim zamanı İncirlik bazasının nə qədər vazkeçilməz olduğunu gördüm. Bu bazanın həyatı əhəmiyyəti var", deyə məqalədə qeyd olunur.