Radikal hərəkat olan “Taliban” Qurban bayramı münasibətilə Əfqanıstanın Qəndəhar əyalətində müstəqil tikinti şirkətinin 29 işçisini azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyinə əyalətin qubernatoru Əziz Əhməd Əzizi məlumat verib.
Qeyd edək ki, sözügedən şəxslər bu il iyunun ortalarında Şorabak rayonunda girov götürülüblər. Onların azadlığa buraxılması da bu rayonda həyata keçirilib.
Bildirilir ki, yerli hakimiyyət azad olunmuş işçilərin ailələrinə qovuşmasına kömək edib.
Avqustun 19-də Əfqanıstan Prezidenti Əşrəf Qani “Taliban”la 3 aylıq atəşkəs elan edib və hərəkatı bu çağırışa qoşulmağa çağırıb. “Taliban” lideri Mulavi Haybatulla Axundzadə isə bildirib ki, Əfqanıstan hakimiyyəti ilə barışıq elan etməyəcək.