Türkiyənin Diyarbəkir vilayətinin Yolçatı kəndində PKK üzvü üçün ucaldılan heykəl bu gün səhər sökülüb. Teleqraf.com xəbər verir ki, vilayət rəhbərliyi bununla bağlı məhkəmədə iddia qalıdıb və iddia təmin edilib.
Heykəlin götürülməsi zamanı yerli əhali ilə hərbçilər arasında qarşıdurma yaranıb. Bir nəfərin öldüyü və bir neçə şəxsin yaralandığı bildirilir.
Qeyd edək ki, Diyarbəkirdə Türkiyə əsgərlərini qətlə yetirən PKK terrorçusuna heykəl qoyulması Türkiyədə ciddi narazılıq yaratmışdı. 1984-cü il avqustun 15-də Eruh və Şemdinli kəndlərinə hücum edərək əsgərləri şəhid edən PKK-lı Mahsun Korkmazın heykəli bir neçə gün öncə təmtəraqla açılıb. Heykəl Diyarbəkirdə “Harun PKK şəhidliyi” kimi tanınan ərazidədir. 30 ildə minlərlə türk əsgərini minlərlə dinc sakini qətlə yetirən terrorçuya Türkiyə torpaqlarında heykəl ucaldılması ölkə müxalifətinin ciddi təpkilərinə səbəb olub. MHP lideri Dövlət Baxçalı bu haqda yazılı açıqlamasında 10 avqust prezident seçkisində Ərdoğana verilən hər səsin PKK-ya getdiyini deyib: “Diyarbəkirdə PKK terrorçusunun heykəlinin seçkidən sonra açılması təəccüblü görünməməlidir. Terrorçuya heykəl qoymaqla türk millətinə məzar qazırlar. Ərdoğana verilən səslər PKK-ya getdi, terror yuvası Qəndilin cəsarətini artırdı. Bu heykəlin terrorçulara ümid verdiyi üzəri örtülməyəcək bir gerçəkdir".
Ruslan