Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə ciddi kadr dəyişikləri aparıb.
A.Lukaşenko buna səbəb kimi bəzi məmurların sərxoşluq, əyyaşlıq etdiyini göstərib.
“Mən hökumətdə kadr dəyişikliklərindən sonra monitorinqi və vəziyyəti nəzarətdə saxlayacağam. Qeyd edim ki, bu islahatlar hələ son deyil. Mənim müəyyən etdiyim iş prinsiplərinə cavab verməyən məmurlar vəzifədən kənarlaşdırılacaqlar”, - deyə Belarus Prezidenti əlavə edib. Dövlət başçısının sözlərinə görə, vəzifələrindən kənarlaşdırılan məmurlar özlərini ədəbli, ləyaqətli aparmayıblar.
İşdən çıxarılanlar arasında baş nazirin müavini Vladimir Semaşko, baş nazirin birinci müavini Vasili Matyuşevski, sənaye naziri Vitali Vovk, maliyyə naziri Vladimir Amarin və energetika naziri Vladimir Potupçik də var.
“Hamının qarşısında deyirəm, sərxoşluq yolverilməzdir. Bunu deməkdən utanırdım, lakin bu yaxnlarda azad etdiyim bir çox rəhbərlər xeyli içirdilər. Mən demirəm ki, niyə içirsiniz, kiminlə hamama gedirsiniz, kiminlə söhbət edirsiniz. Sağlığınıza qismət. Rəhbərsiniz, bunu bacarmalısınız. Amma içkinin qədərini bilməlisiniz. Bu ölçünü itirirsinizsə, rəhbər deyilsiniz. Məhz buna görə də, yaxın zamanlarda bəzilərinizlə vidalaşmalı olacağıq. Onlar harda işlədiklərini anlamırlar. Əgər nəbz itənə qədər içirsinizsə və hər gün təkrarlanırsa, ertəsi gün o artıq işçi deyil. Bütün günü fikirləşir ki, harda poxmelini açsın”.