ABŞ CAATSA qanunu (“Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında”) çərçivəsində Rusiyanın müdafiə və kəşfiyyat sektorunun maraqları üçün çalışan 33 nəfəri “qara siyahı”ya əlavə edib.
Bu barədə Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, Rusiyanın maliyyə-bank sferalarını əhatə edəcək yeni sanksiyalar həmçinin neft-qaz sahəsinə qoyulacaq embarqolarla Rusiyanı əsas gəlir mənbəyindən məhrum etmək funksiyası daşıyır:
“Artıq iki ölkə arasındakı iqtisadi savaş yeni mərhələyə qədəm qoyur. Sanksiyalar nəticəsində Rusiya iqtisadi cəhətdən hiss ediləcək dərəcədə zəifləyib. ABŞ şirkətləri Rusiyadan çəkilərsə, Putinin daxili reytinqi tamamilə düşəcək. Mümükündür ki, Kreml rəhbərinə qarşı daxildə yeni plan hazırlansın. Siyasi elita çalışacaq ki, Putini hakimiyyətdən getməyə, yaxud öz ambisiyasından geri çəkilməyə məcbur olsun.
Rusiya Silahlı Qüvvələri daxilində Putinə qarşı olan generallar var. Buna görə də Putin bəzi generalları özünə potensial tədid kimi qəbul etdiyi üçün vəzifələrindən uzaqlaşdırdı”.
M.Əsədullazadə qeyd edib ki, ABŞ-ın noyabrda İrana qarşı tətbiq edəcəyi sanksiyalar paketi Rusiyanı da hədəf alacaq:
“Buna görə də hesab edirəm ki, yaxın gələcək üçün Vaşinqtonla Moskva arasında əlaqələrin bərpası mümükün görünmür. İki ölkə hegemonluq uğrunda “soyuq savaş” aparır. ABŞ-ın tətbiq etdiyi sanksiyalar gələn il Rusiyanı daxildən çalxalayacaq. Putinə qarşı kütləvi etirazların başlayacağı gözləniləndir”.