Avstriya bir müddətdir ki, Türkiyə əleyhinə addımlar atır. Bu ölkənin Milli Kəşfiyyat Xidmətinin (BVT) 2016-cı il üçün hesabatında aşırı sağçı xarakterli tədbirlərin artdığı, ən böyük təhdidin isə islam radikalizmi olduğu vurğulanıb.
Teleqraf.com xəbər verir ki, məhz bu hadisələrdən sonra ilk dəfə Avstriyada türk əsilli köçkünlər müxtəlif məsələlərdə günahlandırılır.
Avstriya Daxili İşlər Nazirliyinin Asayiş İdarəsinin rəisi Konrad Kogler ölkəsində türk və kürd əsilli insanların birlikdə yaşamasının getdikcə çətinləşdiyi, bu səbəbdən də Türkiyəyə yaxın dərnəklərin PKK və FETÖ adlandırlan qrupların diqqət mərkəzində saxlanılacağını bəyan edib.
2018-ci ildə Vyana hökuməti biri türk məscidi olmaqla ümumilikdə 6 məscidin fəaliyyətini dayandırıb.
Türk məscidi türk millətçiliyi yaydığı, habelə Avstriyada müsəlmanları təmsil edən Avstriya İslam Cəmiyyətindən icazəsiz fəaliyyət göstərdiyi bəhanə gətirilərək qapadılıb.
Türkiyədə fəaliyyət göstərən stratejikguvenlik.wordpress.com saytı isə araşdırmalarının nəticəsi olaraq bildirir ki, Avstriya Milli Kəşfiyyat Xidməti və Terrorla Mübarizə Təşkilatı əslində ABŞ-ın Vyandakı səfirliyində əyləşən Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının əlindədir.
İddia edilir ki, Türkiyədə fəaliyyət göstərən Maks Zirnqast əslində Mərkəzi Kəşfiyyat İdarəsinə bağlı olan qəzetçidir. Zirnqast daha çox Vyana-Ankara arasında münasibətlərin siyasi tərəfini araşdıran şəxsdir. Ancaq Zirnqast özünün yazılarında, kitabında Türkiyəyə düşməni mövqedə durduğunu isbatlayıb.
Türkiyə hüquq-mühafizə orqanları Maks Zirnqastı sentyabrın 11-də, səhər saatlarında Ankaradakı evində həbs edib. Onunla birlikdə Xədicə Köz, Burcu Pəkdəmir və Mithatcan Türetken adlı Türkiyə vətəndaşları da saxlanılıb.
Beynəlxalq və Avropa Qəzetçilər Federasiyası Zirnqastın dərhal azadlığa buraxılmasını tələb edib.
Lakin Ankara qəzetçini azad etməyib, əksinə qəzetçi-agent haqqında məhkəmə həbs qərarı çıxarıb. “TKP/Qığılcım üzvü” olmaqda şübhəli bilinən qəzetçi hazırda Türkiyədə həbsdədr.
Araşdırmalar ortaya çıxarıb ki, Maks Zirnqast Prezident Ərdoğanı tənqid edir, Türkiyənin PKK terror təşkilatına qarşı apardığı mübarizəyə qarşı çıxır, PKK-ya dəstək məqsədilə xəbərlər, reportajlar və analitik məqalələr hazırlayırmış. Qəzetçi kürdlərin siyasi təşkilatı olan Xalqların Demokratik Partiyasının seçim kampaniyasında aktiv fəaliyyət göstərib.
Orta Şərq Texniki Universitetində siyasət elmi üzrə təhsil alan Maks Zirnqast Avstriyada Re:volt saytında, ABŞ-da isə sol ideologiyanın nəzarətində olan bir sıra saytlarda məqalə ilə çıxış edirmiş.
Onun həbsindən sonra Re:volt saytı açıqlama yayaraq bildirib ki, “uzun illərdir Türkiyədə yaşayan yazarımız azadlıq və demokratiya üçün mübarizə səbəbindən həbs edilən solçu bir aktivistdir”. Re:volt-un yaydığı açıqlamadan o da aydın olub ki, qəzetçi son dövrlər əsasən PKK ilə bağlı məqalələr hazırlayıb.
Avstriya kansleri Kurts da jurnalistin dərhal azadlığa buraxılması üçün çağırış edib.
Maraqlıdır ki, Ankara 4-cü Cinayət Məhkəməsində silahlı terror təşkilatına üzv olmaqda günahlandırlan və 3 türk vətəndaşı ilə birlikdə həbs edilən Maks Zirnqast alman, ingilis və türk dilini mükəmməl bilir, bu dillər arasında sərbəst tərcüməçilik edir. Böyük ehtimalla jurnalist kürd dilini də bilir, lakin bunu gizlədir.
Maks Zirnqast eyni zamanda “Kobanidə müharibə” kitabının müəllifidir.