Həmədan şəhərindəki Tibb Universitetinin tələbələri əllərində plakat tutaraq ana dilində təhsil tələb ediblər.
Teleqraf.com xəbər verir ki, təhsil tələbi tələbələrin keçmiş təhsil naziri Həmidrza Hacı Babayi ilə görüşdə gündəmə gəlib.
Tələbələr ana dilinin tədrisi ilə əlaqədar konstitusiyanın 15 və 19-cü maddələrinin icra olunmasını tələb ediblər. Onların əsas tələbi məktəblərdə ana dilinin tədris olunması, həmçinin əyalət və ya bütün İranda yayımlanan Azərbaycan dilində televiziya kanalının açılması ilə bağlı olub.
Ancaq sabiq nazir tələbələrin suallarına mənasız cavablar verib. Onun cavabları o qədər dəxlisiz olub ki, tələbələr bu sözlərin ölkənin qeyri-fars millətlərinə yaraşmadığı qənaətinə gəliblər. “Ölkədə yaşayan xalqlar inqilabın əvvəlində İran İslam Respublikasının qorunması uğrunda var gücləri ilə çalışıblar. Onlar hələ də ədalətin icra olunmasını gözləməlidir?! Bu kimi cavablar İrandakı xalqlar üçün aşağılayıcı deyilmi?! İslam ədaləti budurmu?!”, – deyə tələbələr soruşublar.