21 Oktyabr 2018 20:43
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd ildir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə son yüz ilin ən böyük aclıq və böhranı hökm sürür. 29 milyon əhalisi olan ölkədə 22.2 milyon insanın humanitar yardım və müdafiəyə ehtiyacı var.

Teleqraf.com xəbər verir ki, koalisiya qüvvələri və qiyamçı husilər arasında şiddətlənən döyüşlər Yəmənin sosial-iqtisadi vəziyyətini bir qədər də ağırlaşdırıb.

Dünyanın ən yoxsul ölkələrindən biri olan Yəməndə davam edən vətəndaş müharibəsinin beynəlxalq ictimaiyyətin və BMT-nin diqqətindən kənarda qalması, insanlara kömək ediləcəyinə ümid yeri qoymur. Keçən ay BMT-də Yəmənlə bağlı müzakirələrin başlamadan bitməsi də, vəziyyəti tamamilə dramatikləşdirib.

BMT Humanitar Yardım Ofisinin (OCHA) sözçüsü Yens Lerke Yəməndəki insani faciələrdən narahatlıq keçirdiklərini deyir: “Kömək edilməsə, qarşıdakı aylarda Yəməndə 14 milyon insan ərzaq qıtlığına görə, ölüm riski ilə üz-üzə qalacaq. Beynəlxalq ictimaiyyət bu qorxulu fəlakətin qarşısını almaq üçün hərəkətə keçməlidir”.

Yəmən birjasında milli valyutanın ciddi dəyər itkisinə məruz qaldığını deyən Lerke ərzaq məhsullarının 300 faiz bahalaşdığını bildirib: “İstehsal prosesi isə demək olar ki, tamamilə dayanıb. Gec olmadan koalisiya qüvvələri və husilər müharibəni dayandırmalıdır. Heç olmasa, yardıma ehtiyacı olan insanlara köməyin edilməsinə icazə verməlidirlər”.

BMT-nin son hesabatına görə, hazırda Yəməndə 18 milyon insan qida çatışmazlığı təhlükəsi ilə üz-üzədir, aza qane olan yəmənlilər sonrakı yeməyin haradan gələcəyini bilmir.

Vətəndaş müharibəsinin başladığı 2014-cü ildən əvvəl də, dünyanın ən yoxsul ölkələrindən biri olan Yəməndə son iki ildə minlərlə mülki insan həyatını itirib. Təxminən 3 milyon insan ölkə xaricinə köç etdiyi halda, quru və dəniz yollarının müharibədə tamamilə dağıdılması, yaxud ələ keçirilməsinə görə də, qalan insanların həyatlarını ölüm riski qarşısında qoyub. BMT-nin hesablamalarına görə, ölkədəki qarşıdurmalarda 16 min insan həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu