9 Noyabr 2018 17:31
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktından sonra ABŞ-ın başladığı qlobal terrorizmlə mübarizə çərçivəsində İraq, Əfqanıstan və Pakistanda yarım milyondan çox insan həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Uatson İnstitutunun hazırladığı hesabatda bildirilir.

Araşdırmaçılar ölüm hallarının 480.000 və 507.000 arasında dəyişdiyini ehtimal edirlər. Lakin rəqəmin daha çox olduğu da istisna edilmir: “Terrorizmə qarşı müharibə ABŞ cəmiyyəti, media və senatorların diqqətindən yayınsa da, ölənlərin sayındakı artım bu müharibənin daha da şiddətləndiyini göstərir”.

Hesabatda qeyd edilir ki, ölənlər arasında qiyamçılar, yerli polis orqanları və təhlükəsizlik qüvvələrinin əməkdaşları, mülki şəxslər, ABŞ və müttəfiq qüvvələrin hərbçiləri üstünlük təşkil edir.

Hesabatın müəllifi Net Krouford ABŞ və yerli qüvvələrin “militan” adlandırdıqları ölülərin arasında mülki şəxslərin olduğunu da istisna etmir: “Bəlkə də ölənlərin sayını heç vaxt dəqiq bilməyəcəyik. Məsələn, Mosul və digər şəhərlərin İŞİD-dən alınması əməliyyatlarında on minlərlə silahsız insan həyatını itirib”.

Hesabata görə, İraqda 182.272-204.575, Əfqanıstanda 38.480, Pakistanda isə 23.372 nəfər mülki şəxs həlak olub. İraq və Əfqanıstanda təxminən 7 min amerikalı hərbçi həyatını itirib.

Müharibələrdən dolayı aclıq, xəstəlik və digər səbəblərdən ölənlər hesabata daxil edilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər