13 Noyabr 2018 20:19
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan səhvlərini ört-basdır etmək üçün günahı xalqın üzərinə atır. Guya xalq tamamilə əksinqilabçıdır. İnsanlar isə ondan sadəcə iş yeri, maaş və pensiyaların artırılmasını tələb edir, yolların çəkilməsini istəyir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri (2016-2018), noyabrın 11-də əvvəlki hakim partiya olan Respublika Partiyasına (sədr eks-prezident Serj Sərkisyandır) birinci müavin təyin edilən, partiyanın real lideri hesab olunan Vigen Sərkisyan erməni mətbuatına bildirib.

O qeyd edib ki, N.Paşinyan günahı xalqın üzərinə ataraq fəaliyyətinə ciddi səhvlər etməklə start verdi. Eks-nazirin sözlərinə görə, N.Paşinyan hakimiyyətə gələn kimi islahatlar aparmaq əvəzinə intriqalar yaratmağa başladı, iqtisadiyyat daha ağır vəziyyətə düşdü, xalqın həyat səviyyəsi tamamilə çökdü:

“Cənab Paşinyan, hakimiyyət dünyasına xoş gəlmisiniz. Bundan sonra xalq yolu, məktəbi, xəstəxananı, pensiyanı, hətta maddi yardımı da sizdən tələb edəcək. Tənqid etmək yerinə bir az işləmək lazımdır. Razıyam, bu o qədər də asan deyil. İnsanlara real iş yerləri tələb edir, bunun üçün əvvəlcə investisiyalar lazımdır və hər şeydən öncə investorlara hörmət edilməlidir.

Yeri gəlmişkən, çıxışınız zamanı səsləndirdiyiniz “10 iqtisadi fakt”da səhv rəqəmlər var idi. Sizin iqtisadiyyat naziriniz, yaxud referentiniz kimdir? Ermənistanda işləyən və vergi ödəyənlərin sayı 350 min yox, ən azı 500 mindir. Lakin kənd təsərrüfatı bura daxil deyil”.

V.Sərkisyan daha sonra deyib: “Sizin müşaviriniz yaxın vaxtlarda dövlət sektorunda 150 min iş yerini azaldacaqlarını bildirdi. Qeyd etdi ki, ixtisar olunanlar özəl sektora keçəcək. Bu, növbədənkənar seçkilərədək olacaq, ya yox? Düşünürəm, bunu indidən açıqlamaq lazımdır ki, insanlar dekabrda buna əsasən səs versinlər.
Xahiş edirəm, 7 dəfə düşünün, bir dəfə edin. Siz öz çıxışınızda bildirdiniz ki, insanların maddi yardımlarını onların işləmələri üçün kəsəcəksiniz. Belə “islahatlardan” öncə aşağı təbəqə əziyyət çəkir. Bunu etməyin”.
Respublika Partiyasının ikinci şəxsi N.Paşinyana xitabən onu da deyib ki, vəziyyət daha da pisləşəcək, yaxın perspektivdə ümidverici heç nə görünmür.

Qeyd edək ki, Respublika Partiyası dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcəyini rəsmən bəyan edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər