Ermənistanın Berdavan kəndinin sakinləri Baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana Azərbaycanda əsir saxlanılan erməni kəşfiyyatçı Karen Kazaryanın azad edilməsi tələbi ilə keçirilən aksiyalarla bağlı yazılı müraciət ünvanlayıblar.
Teleqraf.com xəbər verir ki, kənd sakinləri müraciətdə onları təhqir edən Paşinyan və hökumətindən üzr tələb edirlər.
Kənd sakinləri məktubda qeyd edirlər:
“Hökumət nümayəndələri Berdavan kəndində keçirilən etiraz aksiyalarına siyasi don geyindirməyə çalışırlar. Hökumət nümayəndələri bizə deyirlər ki, Karen sərhəd rejimini pozduğu üçün əsir götürülüb. Əlbəttə, siz sərhəd kəndində yaşamırsınız və cəbhədən uzaq bir yerdə təhlükəsizlik içində oturmusunuz. Buna görə də asanlıqla bizim etirazlarımıza istədiyiniz donu geyindirə bilirsiniz”.
Ermənilər məktubda Paşinyanı verdiyi vədə əməl etməməkdə ittiham edirlər:
“Əziz Nikol Paşinyan, siz və komandanız insanlara xidmət etməyin vacib olduğunu deyirsiniz. Biz də bunun üçün yolları sizin üçün açdıq, küçələrə töküldük. Lakin indi siz bizim rəsmi şəxslərdən üzr tələb etmək haqqımızın olmadığını düşünürsünüz.
Hökumət nümayəndələri isə kənd sakinlərinə “Azərbaycanın 5-ci kolonu”, “Azərbaycan dəyirmanına su tökənlər”, “Daxili düşmən” adlandırırlar.
Siz də həmin insanları dəstəklədiyinizi bildirirsiniz. Siz necə deyə bilərsiniz ki, Berdavan “Azərbaycanın 5-ci kolonu”dur”.
Qeyd edək ki, Ermənistan Baş nazirinin müavinləri Ararat Mirzoyan və Tiqran Avinyan kəşfiyyatçı Karen Kazaryanın əsirlikdən azad edilməsi tələbi ilə kənddə keçirilən etiraz aksiyalarını sərt şəkildə tənqid edib.
Paşinyan noyabrın 20-də jurnalistlərə verdiyi açıqlamasında hökumətin Azərbaycanla sərhəddə yerləşən kənddə keçirilən aksiyalarla bağlı mövqeyini dəstəklədiyini açıqlayıb. Onun açıqlaması, Berdavanda etirazları daha da qızışdırıb.