“Ermənistan Suriyaya humanitar yardımları davam etdirəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyan bildirib.
Ermənistan KİV-lərinə müsahibə verən D.Tonoyan ölkəsinin Suriya xalqına əlindən gələn humanitar yardımı göstərməkdə qətiyyətli olduğunu vurğulayıb:
“Suriyada yaşayan ermənilərin durumu haqqında ciddi bilgiyə sahib idik. Ona görə də Ermənistan hökuməti bu qərarı dəstəkləyirdi. Suriyadakı erməni xalqı Suriyanın böyük etnik məskunlaşma yerlərindən biri olan Qamışlı daxil olmaqla, fərqli bölgələrdə parçalanmış vəziyyətdədir. Oradakı soydaşlarımızın sayının azalması bizi narahat edir. Xalqımız min illərdir məskunlaşdığı torpaqlarda (?) yaşamaq haqqından məhrum edilir. Bu, acı həqiqətdir. Təhlükəsizliyin təmin edilməsi, maraqlarımızın müdafiəsi üçün hələ də çətin vəziyyətdə olanların aqibətini az da olsa, yaxşılaşdırmaq üçün humanitar yardım etmək qərarı verilmişdi. Biz təkcə erməni xalqına deyil, bütün Suriyaya yardım edirik”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi keçən ilin sentyabr ayında Suriyaya humanitar yardım göndərmək niyyətində olduğunu bildirib.
Siyasi təhlilçilər bu fikirdədirlər ki, D.Tonoyanın açıqlaması Moskva ilə əlaqələrin normallaşması istiqamətində atılmış addım kimi qiymətləndirilməlidir. Digər önəmli fakt isə Serj Sərkisyan dövründə də Suriyaya humanitar yardım göndərilməsinin məlum olmasıdır. Hətta o dövrdə erməni KİV-də yayılan məlumatlara əsasən, humanitar yardım adı altında Suriyada yaşayan ermənilər ölkəyə gətirilərək işğal olunmuş Azərbaycan toraqlarında yerləşdirilirdi.
Həmçinin, onların yaşayışını təmin etmək üçün yeni binaların tikilməsi barədə qərarların qəbul edildiyi də məlumdur. Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bəzi mənbələrə görə 20, bəzi mənbələrə görə isə 15 minə yaxın erməni Suriyadan gətirilərək Ermənistanda yerləşdirilib. Təbii ki, bu addım ölkədəki demoqrafik vəziyyəti düzəltmək üçün nəzərdə tutulmuşdu, lakin erməni KİV-lərində yayılan məlumatlara əsasən, işsizlikdən əziyyət çəkən həmin ermənilərin müəyyən qismi Avropa ölkələrinə, ABŞ və Kanadaya üz tutub. İndi isə Ermənistan növbəti dəfə humanitar yardım adı altında orada yaşayan erməniləri yalan vədlər verərək ölkəyə gətirməyi planlaşdırır.
Beləliklə, ölkədəki demoqrafik vəziyyəti qismən də olsa, bərpa etməyə çalışırlar. Ancaq son vaxtlar Rusiya KİV-lərində Suriya vətəndaşlarının ölkəyə geri dönüşünə dair məlumatların sayı artmaqdadır. Bu baxımdan yaxın vaxtlarda Suriyada yaşayan ermənilərin də ölkələrinə qayıtmalarına dair xəbərlərə rast gəlməyimiz mümkündür. Beləliklə, İrəvanın humanitar yardım adı altında Suriyada yaşayan erməniləri Ermənistana cəlb etmək siyasətinin də fiaskoya uğramış olduğunu söyləyə bilərik.