“Türkiyənin Suriyanın Şərqi Fərat bölgəsində həyata keçirmək istədiyi hərbi əməliyyatlar gələn ilin mart ayında baş tutacaq bələdiyyə seçkiləri ilə bağlıdır”.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə türk politoloq İlhan Üzgel çıxış edib.
Ekspertə görə, bölgədə əməliyyatlara başlamaq, seçkilərdə qalib gəlməyi qarşısına məqsəd qoymuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın planına daxildir:
“Hakimiyyət ictimaiyyətin diqqətini Fərat çayının Şərq sahillərinə yönəldərək, uğurlu bir müdaxilə ilə bacarıqlı siyasi komanda olduğunu göstərməyə çalışır.
Məsələnin real tərəfinə gəlincə, əməliyyatlar ABŞ-la birlikdə keçiriləcək və kürd qüvvələrinin olmadığı bölgələri əhatə edəcək. Ərdoğan isə öz seçicilərinə bunu deyəcək ki, iqtisadiyyatda uğursuzluğa düçar olsaq da, Fəratın Şərqində böyük nailiyyətlər qazandıq”.
Qeyd edək ki, Türkiyə prezidenti Fərat çayının Şərq sahillərində əməliyyatlara başlayacaqlarını açıqlayıb.
O, əsas hədəfin bölgədəki YPG terror təşkilatı olduğunu bildirib.
Açıqlamadan bir neçə gün sonra KİV-də ABŞ Prezidenti Donald Trampın Türkiyənin nəzərdə tutduğu əməliyyatlara razılıq verdiyi haqda məlumatlar yayılıb.