Azərbaycanın Los Ancelesdəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev Los Ancelesdə fəaliyyət göstərən “ECONEWS” teleradio şirkətinə geniş müsahibə verib.
Bu barədə Teleqraf.com-a Baş Konsulluqdan xəbər verilib.
Müsahibədə baş konsul N.Ağayev Azərbaycanın coğrafi mövqeyi, müstəqillik tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti, turizm potensialı və iqtisadi inkişafı barədə ətraflı məlumat verib.
Ermənistanın Azərbaycana təcavüzü haqqında məlumat verən baş konsul ölkəmizin işğal olunmuş ərazilərində Ermənistanın ekoloji terror törətməkdə davam etdiyini qeyd edib. N.Ağayev Ermənistanın məişət tullantılarını, sənaye müəssisələrinin çirkab sularını və radioaktiv maddələri Araz çayına axıdaraq Azərbaycan ərazisinə ötürməklə ölkəmizə qarşı ekoloji soyqırımı həyata keçirdiyini diqqətə çatdırıb. O, Ermənistanda heç bir təhlükəsizlik standartlarına cavab verməyən Metsamor atom elektrik stansiyasının istismarının davam etdirilməsinin bütün region üçün böyük təhlükə törətdiyini qeyd edərək, beynəlxalq ictimaiyyətin bu addımlara son qoymaq üçün Ermənistana təzyiq göstərməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, müsahibə “ECONEWS” teleradio şirkətinin rəhbəri Nensi Perlman tərəfindən aparılıb. Sözügedən şirkət ABŞ-da ətraf mühit və turizmlə bağlı radio və televiziya proqramlarının hazırlanması ilə tanınır və üç dəfə məşhur “Emmi” mükafatına namizəd olub. Müsahibə Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 35 televiziya kanalında, eləcə də müxtəlif radiokanallarda yayımlanmaqdadır.