21 Dekabr 2018 14:54
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trampın ABŞ ordusunu Suriyadan çıxarması haqda verdiyi qərar dünyada ciddi müzakirə mövzusudur.

Teleqraf.com xəbər verir ki, Tramp bu qərarı verməzdən əvvəl yalnız Türkiyə prezidenti Ərdoğanla Suriya mövzusunda müzakirə aparıb.

Bir çox mütəxəssislər hesab edirlər ki, ABŞ prezidentinin Suriya haqqında qərar verməsində mühüm rol oynayan şəxslərdən biri də Türkiyə lideri olub.

Türkiyə prezidenti Ərdoğan Fəratın Şərqində YPG-yə qarşı hərbi əməliyyatlar keçirmək niyyətini açıqladıqdan sonra, dekabrın 14-də Tramp-Ərdoğan telefon danışığı baş tutub. Söhbət prezident Trampın Suriyadan ordunu çıxarmaq haqqında qərarından bir neçə gün əvvəl baş tutan telefon söhbətindən gedir.

Sözügedən telefon təması zamanı prezident Tramp “Suriyadan çıxacağımız halda sizə qalacaq İŞİD ünsürlərini təmizləyə bilərsinizmi” sualını verib. Prezident Ərdoğan isə buna cavab olaraq, “Fərat Qalxanı əməliyyatı ilə biz 4 min İŞİD üzvünü təmizləmişik. İŞİD-ə qalib gəlmək üçün YPG/PYD terror təşkilatına ehtiyac yoxdur. Biz daha əvvəl də bunu edə biləcəyimizi demişdik, indi də deyirik. Biz bunu edərik”, cavabını verib.

Bu an telefon müzakirəsi zamanı gözlənilməyən dialoq baş verib. Tramp “Oldu, siz bunları edin” cavabını verir və dərhal telefon xəttində “Bolton, siz xətdəsiniz” sualı ilə özünün milli təhlükəsizlik müşaviri Con Boltonu axtarır.

Bolton isə “bəli, cənab prezident, xətdəyəm” deyə qarşılıq verir. Tramp Boltona “işlərə başlayın” təlimatını verir.

Bu telefon danışığı zamanı Trampın milli təhlükəsizlik müşaviri Con Boltonla prezident Ərdoğanın baş sözçüsü İbrahim Qalın arasında qısa müddətdə koordinasiya qurulması haqda razılığa gəlinir.

Dekabrın 17-də Vaşinqtondan Ankaraya daha bir zəng edilir. Con Bolton İbrahim Qalınla əlaqə yaradaraq bildirir ki, ABŞ Suriyadan çıxmaqla bağlı işlərə start verib.

Bu arada rəsmi Ankara ABŞ hökumətinin Konqres üzvlərini və müttəfiqlərini bu qərardan məlumatlandırmaq üçün işi apardığı haqda informasiyalar əldə edir. Əvvəl ABŞ əsgərlərinin Suriyanı tərk etmə müddətinin 30-60, daha sonra isə 60-100 gün ərzində həyata keçiriləcəyi ortaya çıxır.

Dekabrın 19-da isə ABŞ prezidenti Tramp twitter hesabında hər kəsi şoka salacaq qərarını elan edir. Bildirir ki, artıq Suriyada İŞİD-ə qalib gəliblər və Amerika ordusunun qısa müddətə Suriyanı tərk etmək qərarını verib.

ABŞ və Türkiyə Suriya, YPG mövzusunda daha əvvəllər bir razılıq əldə etmişdi. Ankara dəfələrlə ABŞ-ın YPG terrorçularına silah ötürülməsinə etiraz edir, lakin Pentaqonun kürd terrorçulara dəstəyinə davam olunurdu. İki ölkə arasında öncədən əldə olunan razılaşmaya görə, İŞİD-lə mübarizədən sonra bu silahlar YPG-dən geri alınmalıdır.

Türkiyəni hazırda bu silahların YPG-dən necə və nə zaman geri alınacağı məsələsi düşündürür. Ankara bu tələbini ABŞ-a son telefon müzakirəsi zamanı da bildirib. Bundan sonra iki ölkənin hərbçilərinin bir araya gəlməsi haqda qərar verilib.

Daha maraqlı məqam odur ki, rəsmi Ankara ABŞ prezidentinin Suriyadakı hərbi proseslərdən çıxmaq niyyətini öncədən bilirmiş. Trampın ağlından Suriyanı tərk etmək fikri ilk dəfə 2018-ci ilin martın 29-da ortaya çıxıb. Bu tarixdə Tramp twitter hesabında “İŞİD-ə gününü göstəririk. Suriyanı qısa zamanda tərk edəcəyik” mesajını yaymışdı. O zaman Pentaqonun təsiri və İran kartının prezidentin masasına qoyulması ilə Trampın Suriyadan çıxmaq niyyətindən çəkindirməyə nail olunub. Məhz o tarixdən Ankara bilirdi ki, Trampın planlarında Suriyadan çıxmaq ideyası var.

Hazırda rəsmi Ankaranın əlində olan informasiyalara görə, Suriya ərazilərində İŞİD terrorçularının ümumi sayı 2 min nəfərdir. İŞİD terrorçuları əsasən Abu Kamalda mövqe tutur. SDG-nin isə 60 minə yaxın üzvü olduğu deyilir. YPG/PYD ünsürlərinə aşirətlər və muzdlu terrorçular da daxildir. Lakin Türkiyənin “çox yaxında hərbi əməliyyata başlayırıq” bəyanatından və ABŞ-ın Suriyanı tərk etmək qərarından sonra xüsusilə ərəb aşirətləri “Biz Türkiyəyə silah tuşlamarıq” deyərək SDG-dən tədricən ayrıldıqları haqda informasiyalar yayılır. Hazırda Türkiyənin SDG daxilində baş verən prosesləri diqqətlə izlədiyi və təhlil etdiyi ehtimal olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər