Almaniyanın “DHL Express” yükdaşıma şirkəti bəyanat yayaraq İrana bütün xidmətlərini dayandırması ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
Teleqraf.com-un məlumatına görə, “DHL” poçt və yükdaşıma şirkətinin rəsmiləri bildiriblər ki, şirkət son aylar İrana göndərilən və İrandan alınan yük bağlamalarının sayının xeyli azalmasını nəzərə alaraq Tehranla əməkdaşlığa son qoymaq qərarına gəliblər.
Həmçinin, “DHL” şirkətinin Çex Respublikasındakı filialı yaydığı bəyanatda bildirib ki, filial 5 ay əvvəl İrana göstərdiyi xidmətləri tamamilə dayandırıb.
Bəyanatda İrana poçt və yükdaşıma xidmətlərinin dayandırılmasının əsas səbəbi açıqlanmasa da, şirkətin Tehranla əməkdaşlığına son qoymasının ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla əlaqələndirildiyi təxmin edilir.